Qənirə Paşayeva Əməkdar artist Novruz Qartalı ziyarət edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist, tanınmış aktyor Novruz Qartalı (Əliyev) ziyarət edib.
AzərTAC xəbər verir ki, Novruz Qartalın səhhəti, müalicəsinin gedişi ilə yaxından maraqlanan komitə sədri, dövlətin, Heydər Əliyev Fondunun sənətçilərə, onların qayğılarına hər zaman həssas yanaşdığını vurğulayaraq, Əməkdar artistin qayğılarına, o cümlədən sosial-məişət şəraitinə də həssas münasibət göstəriləcəyindən əmin olduğunu bildirib.
Aktyorun 90-cı illərdə ardıcıl olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda hərbçilərimiz qarşısında maraqlı proqramlarla çıxışlar etdiyini minnətdarlıqla xatırlayıb.
Əməkdar artistin “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Şeytanın yubileyi”ndə Şirvan, “Kələkbazlar”da Əlipaşa və b. rollarını xatırladan Q.Paşayeva ona tezliklə sağlamlığına qovuşmasını diləyib.
Ziyarətdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib.