UNESCO: Azərbaycanın üzv olduğu Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 16-cı sessiyası işə başlayıb

Parisdə UNESCO-nun mənzil –qərargahında qurumun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası Büronun ötən həftə məsləhətləşmələrindən sonra işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan iclasda Komitənin üzvü kimi iştirak edir. Ölkəmiz UNESCO yanında Daimi Nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları tərəfindən təmsil olunur.
Onlayn keçirilən iclasa dünyanın müxtəlif ölkələrindən 900-ə qədər iştirakçı qeydiyyatdan keçib.
Komitənin 16-cı sessiyasına UNESCO üzrə Şri Lanka Milli Komissiyasının Baş Katibi Punçi Nilame Meqasvate sədrlik edir.
Komitənin 16-cı sessiyası çərçivəsində aidiyyəti siyahılara daxil edilməsi üçün üzv dövlətlər tərəfindən namizədliyi təqdim edilmiş elementlərə baxılacaq. Bildirilir ki, 48 element Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına, 6 element təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmək üçün namizədliklər, eləcə də Cibuti, Monqoliya və Timor-Leste tərəfindən irəli sürülmüş yaxşı mühafizə təcrübələrinin reyestrinə daxil edilmək üçün 5 təklif və 100 min USD-dən çox miqdarda 3 beynəlxalq yardım sorğusu iclasın gündəliyində yer alıb.
Həmçinin iclasda Latın Amerikası və Karib hövzəsi ölkələrində Konvensiyanın həyata keçirilməsinə dair dövri hesabatları, Qeyri-Maddi Mədəni İrs- QHT Forumunun hesabatı dinləniləcək və 2003-cü il Konvensiyasının siyahıya salma mexanizmlərində islahatlar kimi məsələlərə baxılacaq.
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası dekabrın 18-dək davam edəcək.