Xalça Muzeyində uşaqlar üçün Yeni il festivalı təşkil olunacaq


Dekabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Yeni il festivalı təşkil olunacaq.
Xalça Muzeyindən AzərTAC-a bildirilib ki, rəngarəng proqramla zəngin olan bayram şənliyində uşaqların əl işi olan geyimlərdən ibarət moda nümayişi, xalça kvesti oyunu, bir-birindən fərqli ustad dərsləri, konsert proqramı və nağıl saatı təşkil olunacaq. Balacalara sevinc dolu, unudulmaz anlar yaşatmağı hədəfləyən festivalda “Fitnə” kölgə teatrı janrında və “Tıq-tıq xanım” tamaşaları da göstəriləcək.
Uşaqlar festivala qatılmaqla əylənəcək, həm öyrənəcək, həm də öz istedad və bacarıqlarını göstərmək şansı qazanacaqlar.