Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Qətər Dövlətindəki səfəri davam edir

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər Dövlətindəki səfəri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində Doha şəhərində Dövlət naziri Həməd Əl-Kavarinin şəxsi kitabxanasında görüş keçirilib.
Görüşdə QMK-nin rəhbəri, Qətərin Baş Nazirin müavini rütbəsində dövlət naziri dok. Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Qətərin mədəniyyət sahəsində çalışan bir sıra nümayəndələr, iş adamları və jurnalistlər iştirak edib.
Dövlət naziri Həməd Əl-Kavari Azərbaycan və Qətər xalqları arasında mövcud mədəni bağların və əlaqələrin genişləndirilməsini iki ölkə arasındakı digər sahələrdə də əlaqələrin inkişafı üçün əsas rol oynayacağını vurğulayıb.
E.Əliyev Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə, xüsusən Azərbaycan xalçaçılıq sənətinin nümunələri ilə bağlı geniş məlumat verib.
Sonda Azərbaycanın özünəməxsus xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin nümunələri haqqında kitab Həməd Əl-Kavariyə hədiyyə olunub.