ICESCO-nun Baş Konfransının XIV sessiyası Misirdə keçiriləcək

Dekabrın 8-9-da Misirin yeni inzibati paytaxtında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının XIV sessiyası keçiriləcək.
Və bu əsas tədbirdən öncə - dekabrın 6-da ICESCO İcraiyyə Şurasının 42-ci sessiyası baş tutacaq. İclasda 51 üzv ölkə, o cümlədən Azərbaycandan mədəniyyət naziri və ICESCO-nun milli komitələrinin sədrlərinin iştirakı ilə keçiriləcək Baş Konfransın XIV sessiyasının gündəliyi və təşkilati məsələlər müzakirə ediləcək.
Baş Konfransın sessiyasında ICESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək, yeni Fəaliyyət Planı, büdcə təsdiq olunacaq. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq.
Sonda ICESCO-nun Baş Konfransının XV sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək.