Qənirə Paşayeva TÜRKSOY-da keçirilən tədbirdə geniş məruzə ilə çıxış edib

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə TÜRKSOY-da keçirilən mərasimdə, o cümlədən “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimat mərasimində çıxış edib.
AzərTAC  xəbər verir ki, TÜRKSOY-un mərkəzi qərargahında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Qənirə Paşayeva 2021-ci ildə Azərbaycan aşıq sənətinin klassiki, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işləri yüksək dəyərləndirib.
Aşıq Ələsgər yaradıcılığının önəmi, söz və saz sənətkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Aşıq Ələsgər yaradıcılığına, ümumən aşıq sənətinə və onun inkişafına göstərilən diqqət və qayğıdan söz açan komitə sədri, Aşıq Ələsgər yaradıcılığının türk dünyasında daha geniş tanıdılmasının vacibliyinə toxunub.
Çıxışında Azərbaycanın tarixi şəxsiyyətlərinin zəngin yaradıcılığının müqayisəli təhlilinə geniş yer ayıran Qənirə Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi Zəfərindən söz açıb.
Komitə sədri Dədə Ələsgərin Göyçədə erməni işğalında qalan məzarından da danışıb. O deyib ki, Göyçədə, Zəngəzurda, İrəvandakı tarixi abidələrimiz, qəbirlərimiz Qarabağda olduğundan daha betər erməni vandallığına məruz qalıb. O, Aşıq Ələsgərin məzarının da erməni vandallığına məruz qaldığını bildirib: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vandallığının qurbanı olub.
Aşıq Ələsgərin varlığı yalnız Azərbaycan mədəniyyəti tarixi üçün deyil, ümumtürk mədəniyyəti üçün önəmlidir. Onun, ümumən ozan-aşıq yaradıcılığının qorunub təbliğ edilməsi Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinə aiddir.
Bu günlərdə biz Bakıda Xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Azərbaycan aşıq sənəti” bədii sərgisini təşkil etdik. Habelə ustadlar-ustadının əsərləri toplanmış kitab nəşr etdik. Çox şadıq ki, türk dünyasının ən önəmli ocaqlarından biri olan TÜRKSOY-da Aşıq Ələsgəri anırıq, onun Ankarada çıxmış kitabının təqdimatını keçiririk. Mən bugünkü tədbirimizi türk dünyası mədəniyyət tarixinin ən yeni səhifələrinə düşəcək hadisələrdən biri hesab edirəm. Aşıq sənətinin, qüdrətli söz ustadının adına layiq bir tədbir təşkil etdiyiniz üçün bütün zəhməti keçənlərə könül dolusu təşəkkürlərimi yetirirəm. Mən bu gün bizimlə olan bütün dəyərli aydınlarımıza, sənətçilərimizə, media və QHT təmsilçilərimizə, hər kəsə çox təşəkkür edirəm. TÜRKSOY-un bu doğma tribunasından çıxış edərkən, Aşıq Ələsgərin 200 illik yubileyi haqqında Sərəncam imzalamış Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, aşıq sənətinə, muğam sənətinə, ümumən mədəniyyətimizə yüksək diqqət-qayğı ilə yanaşan Birinci vitse-prezidentimiz, UNESCO VƏ ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya könül dolusu minnətdarlığımızı çatdırmaq istəyirəm. Mehriban xanımın dəstəyi ilə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
TÜRKSOY-un Baş katibi hörmətli Düsen Kaseinovun da vurğuladığı kimi, Aşıq Ələsgərin ürəkləri oxşayan yüksəkkeyfiyyətli yaradıcılığı və şəxsiyyətinin təbliği, onun yaradıcılıq örnəklərinin müxtəlif dillərə çevrilərək nəşr edilməsi vacib məsələdir. Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması yönündə TÜRKSOY-un həyata keçirdiyi layihələr bizə yaxşı məlumdur. Baş katib Düsen Kaseinova, fədakar TÜRKSOY kollektivinə, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisinə təşəkkür edirik ki, TÜRKSOY hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb.
Çıxışımın sonunda, ev sahibi təşkilata, hamımızın doğma ocağımız olan TÜRKSOY-a bir hədiyyə təqdim etmək istəyirəm.
Bir qədər öncə söz açdığımı sərgidə nümayiş olunan əsərlərdən biri Aşıq Ələsgərin miniatür portretidir. Böyük məmnuniyyətlə onu TÜRKSOY-a bağışlayırıq. Elə hesab edirəm, bu gözəl əsər TÜRKSOY-da öz layiqli yerini bulacaqdır”.