TÜRKSOY-un təşkilatçılığı ilə Bursa şəhərində Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan tədbir keçirilib

Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY təşkilatı tərəfindən təşkil olunan Nizami Gəncəvinin doğumunun 880-cı ilinə və Yunus Əmrənin vəfatının 700-cü ilinə həsr olunmuş konsert proqramı və sərgi açılışı həyata keçirilib. Konsertdə TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böüykşəhər bələdiyyə başçısı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursada yaşayan və təhsil alan həmyerlilərimiz və Bursa şəhər ictimaiyyəti iştirak edib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Bursa Böyükşəhər bələdiyyəsi ilə birlikdə təşkil olunan tədbirdə türkdilli ölkələrin incəsənət nümayəndələrinin iştirakı ilə Türk Dünyası Şah Əsərləri Konsert proqramı və hər iki şairin əsərlərindən ibarət foto sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdən əvvəl Bursa şəhərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibətilə mətbuat konfransı keçirilib. Həmin konfransda TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böyükşəhər bələdiyyə başqanı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursa şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamil Özer, bələdiyyə üzvləri və bir çox media qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Bursa şəhərinin tarixindən, onun Türk Dünyasındakı mədəni yeri və rolundan görüş iştirakçılarına məlumat verən bələdiyyə başçısı bildirib ki, ortaq ədəbi dəyərlərimiz olan Nizami Gəncəvi, Yunus Əmrə kimi şairlərimiz məhz bu mədəni dəyərlərin formalaşmasına xüsusi qatqısı vardır. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov yaşıl və tarixi şəhər olan Bursanın TÜRKSOY Daimi Şurasında qəbul edilən qərarla 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsinin əhəmiyyətindən söz açıb. Türk dövlətlərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı adının ən yüksək mədəni və tarixi dəyəri olan şəhərlərə daşınmasında töhfə verəcəyini deyən Kaseinov, “İnanırıq ki, Osmanlı dövlətinin paytaxtı olmuş qədim Bursa gələn il bu adı uğurla daşıyağını bildirib. Görüşdə Akif Marifli hər iki şairin ədəbi irsindən söhbət açaraq, onları birləşdirən ortaq dəyərlərə toxunub, Nizami Gəncəvi və Yunus Əmrənin haqq-ədalət, humanizm ideyalarının çarçısı olduğunu, türk dünyası ədəbiyyatının zəngilşdirilməsindəki xidmətlərini qeyd edib və eyni zamanda 2022-ci ildə Bakıda keçiriləcək 8-ci Beynəlxalq Kitab Sərgisinə Türkiyənin “fəxri qonaq” statusunda qatılacağını bildirib. Şöbə müdiri Bursa Böyükşəhər Bələdiyyəsini də həmin sərgidə stendlə iştiraka dəvət edib. Akif Marifli "Gəncə–Nizami yurdu” kitabını, və Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşa hədiyyə edib.