UNESCO Baş Konfransı çərçivəsində Mədəniyyət Komissiyasının iclasına ilk dəfə Azərbaycan sədrlik edir

Məlum olduğu kimi, Parisdə UNESCO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində 19 noyabr tarixinədək konfransın Mədəniyyət Komissiyası öz işinə davam edəcək.
UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi Komissiyanın iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcəkdir.
Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətləarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr aparılacaq.