Bu gün Beynəlxalq Tolerantlıq Günüdür

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

16 noyabr. Beynəlxalq Tolerantlıq Günü

 

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib, məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olub. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub. Bu, özünü xalqımızın əsrlərdən gələn ədəbiyyat nümunələrində, bədii və fəlsəfi fikir tarixində də göstərir. Elə bir vaxtlar yurdsuz-yuvasız bədnam ermənilərə sığınacaq verməyimiz də bu səbəbdəndir. Azərbaycan indi bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Yəhudi xalqının tarixi vətənindən kənarda yeganə kompakt yaşayış yerinin Qubanın Qırmızı qəsəbəsi olması faktı dönə-dönə dünyada vurğulanmırmı? Yaxud, min illərdir ki, xınalıq, qırız, lahıc kimi etnosların assimilyasiyadan qorunub saxlanması məgər azmı işdir?

 

16 noyabr. Ümumdünya düymələr günü

 

“Yaxan düymələ, düymələ” deyə dad-aman eləyən xanəndələrimiz bu mahnını düymənin hikmətini bilibən oxuyublar, biləsiniz. Qapının qıfılı nədirsə paltarın da düyməsi odur. Hələ 20-ci əsrdə - 1938-ci ildə Amerikanın Button Society təşkilatı təqvimə belə bir günün salınmasına nail olub. Məişətimizə möhkəm daxil olan düymənin çox qədim tarixi var. Əvvəllər düymə yalnız bəzək elementi idi, düymələmə funksiyasını isə qayışlar, sancaqlar daşıyırdı. Düymə düymə olandan sonra onun kolleksiyasını yığanlar da tapıldı, məsələn, bir isveçli keşiş 40 min müxtəlif düymə toplayıbmış. Amma rekord isə Nyu-Cersi şəhərindən olan bir mühəndisə məxsus  imiş, düz 100 min ədəd.

 

16 noyabr. “Yumşaq oyuncaqla ziyafət təşkil elə” günü.

 

Tək uşaqlar üçün yox, eyni zamanda böyüklər üçün də nəzərdə tutulan, tək xanımları deyil, həm də kişiləri əhatə edən bu günü, təsəvvür edin ki, azərbaycanlı kişisi də dəbə düşüb qeyd edir. Oturub masanın başında, ətrafında da yumşaq ayı, it. İçəri girən bir adam deməzmi ki, sənin kişi boyunu yerə soxum? (Burda bir smaylik yetərlidir).

 

16 noyabr. Rudolf Kreyseri yaxşı tanıyın!

 

Portəgizlər milli dəniz günündə hava soyuqdur deyə yalnız dəniz havası udacaqlar. Şimali Koreyada rəhbərlik icazə versə, insanlar Ana günündə analarını təbrik edəcəklər. Estonlar suverenlik deklarasiyası günündə bəsdir deyincəyə qədər şənlənəcəklər. Kubalılar Müqəddəs Kristobal günündə kilsələrə axışıb şam yandıracaqlar. ABŞ-da isə bu gün Milli Fəst-Fud günüdür, dünyada ən çox fəst-fud yeyən amerikalılar bu gün fəst-fuda qarşı əsl genosid həyata keçirməyəcəkmi, keçirəcək!

 

1945-ci ilin 16 noyabrında Londonda YUNESKO yaradılıb; 1848-ci ildə yenə də Londonda əsas hadisələr cərəyan edib – bu dəfə dünyaşöhrətli bəstəkar Şopen özünün son konsertini verib; 1766-cı ildə tarixin ən virtuoz skripkaçısı, eyni zamanda bəstəkar, dirijor və pedaqoq, fransalı Rudolf Kreyser dünyaya gəlib. Bu adam haqda maraqlı bir şey oxumuşam. Sən demə onun ifasına vurğun olan böyük Bethoven məşhur 9-cu sonatasını ona həsr edib, onun ifası üçün yazıb. Hətta bu sonataya bəzi mənbələrdə Kreyser sonatası da deyilir. Amma siz bu adamda dikbaşlığa baxın ki, o boyda kişinin arzusunu ürəyində qoyub, bu sonatanı ifa etməyib; 1582-ci ildə qəddarlıqda ad çıxarmış rus çarı İvan Qroznı öz oğlunu qətlə yetirib.