Soyuq müharibəni uduzuruq, bunu Qarabağ mövzusunun Fransa Milli Kitabxanasında araşdırılması sübut edir

UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində Fransa Milli Kitabxanasında araşdırma aparıb.1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir.
Kitabxana İnformasiya Mərkəzindən bildirilib ki, kitabxananın elektron kataloqu araşdırılarkən orada Qarabağa aid 202 biblioqrafik yazı tapıldı. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifləşdirmək olar. Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində 69, ingilis dilində 58, Azərbaycan dilində 9, erməni dilində - 52, rus dilində 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.
Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilib.
Araşdırmadan məlum oldu ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş “Rusiya Türküstanı ilə Qafqaz” başlıqlı şəkillər toplusudur. Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.
Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman, 3-ü fransız, 1-i erməni dilindədir.
Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.