Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür

 

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12- də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bu Konstitu­siya ümumi­likdə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

 

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycanın Kons­titusiyası insan və vətəndaş hüquqları­nın və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bu başqa məsələdir ki, vətəndaşlar əksərən öz konstitusion hüquq və azadlıqlarından bixəbərdirlər, bu da məmurlara vətəndaşların hüquqlarını pozmaq üçün geniş meydan açmaqdadır.