“Yaşar Nuri toyuğu necə qaçırtdı” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Şəfiqə Məmmədovadır.

 

 

ŞƏFİQƏ MƏMMƏDOVA

(1945)

 

***

Tələbələrlə işləmək həm maraqlı, həm də məsuliyyətlidir. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor qəbuluna rəhbərlik etmişəm. İstedadlı gəncləri seçmək, üzə çıxarmaq mənim üçün çox vacib olub. Bir dəfə qəbul zamanı abituriyentə etüd tapşırığı verdim:

– Qızım, sən indi bu otaqdakı maneələrin arasında səndən qaçan toyuğu tutmağa çalış.

Qız:

– Baş üstə, – deyib, aşağı əyildi və etüdü göstərməyə başladı. Plastikası o qədər də xoşuma gəlmədi. Həm də hərəkətlərində bir qədər sünilik hiss etdim. Kolleqalarımla məsləhərləşdik, kafi yazmağa hazırlaşırdıq. Qız da “toyuğu” qova-qova qapıya tərəf germişdi. Elə bu vaxt imtahan otağının qapısı açıldı və aktyor dostumuz Yaşar Nuri içəri girdi.

Yaşarın içəri girməyini görən qəz əlini əlinə vurub dikəldi.

– Sən davam elə, – deyib, Yaşara tərəf getdim. Qız:

– Daha bundan sonra nəyi davam eləyim? – dedi. – Yaşar müəllim qapını açan kimi, toyuq otaqdan çıxıb qaçdı.

Hamımız güldük. Bu hazırcavablığına görə qıza üç dənə “yaxşı” yazdıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)