Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün amerikalılar Qutuda Konfet Gününü qeyd edirlər.
Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Sumqayıtda yaşayan Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı.
Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş.
Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)