İnancın ağırlığına bax... Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Uşaqlarla maşından yenicə düşürdük ki,  ortayaşlı,  təxminən, 40-dan artıq yaşı olan bir şəxs bizə yaxınlaşdı...

 

 -Ağır Seyidəm, mənə 1-2 manat lazımdı, - söylədi...

 

 Uşaqlarla əvvəlcə bir-birlərimizə baxdıq. Kimdə pulun olub olmadığı barəsində soruşduq. Uşaqlar üst-başlarını axtarır, pul tapıb verməyə çalışırdılar. Mənsə hadisəni tam olaraq dərk etmədiyimdən beynimdə fikir və suallar dolaşırdı. 

 

"Niyə pul verməliyik ?","Pul vermək üçün mütləq ki, Seyid olmalı idi, özü də ağır ?!","Seyid olduğunu deməsəydi belə onsuz da əl açıb pul istəsəydi, ona pul verəcəkdik". 

 

Sonunda biz ona 2 manat tapıb verə bildik. O isə bunun qarşılığında "əlavə heç nə yoxdu ?" sualını verdi. 

 

Uşaqlardan biri işlədiyindən dedi ki, "mən filan yerdə işləyirəm, axşam gələrsən, nə qədər istəsən pul verərəm". 

Bundan sonra o getdi. 

 

Bizim cəmiyyətin müəyyən bir hissəsinin təfəkkürü, psixologiyası fərqli yöndən inkişaf etdiyinə görə həmin şəxsin bizə qarşı etdiyi  bir növ "mədəni soyğun" xarakteri daşıyırdı. Amerikan filmlərinə baxmısınızsa orda da soyğun bir növ bu şəkildədir.

 

"Bu soyğundur ! Əllər yuxarı ! Tez pulları verin !". 

 

Sadəcə, bir fərq var. Orda  pulu silahla alırlar, burda isə sözlə. Nə qədər ki, öz psixoloji, dünyəvi və mədəni inkişafımıza nail olmayacağıq bu və bu kimi hallar hər tində, hər küçədə, hər evdə təkrarlanacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)