Yaltadakı “Qaranquş yuvası” qəsri bizim neft puluna tikilibmiş Featured

 

Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.

 

Təkcə  krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin  tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid  yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində  Krım Muxtar  Vilayəti  kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu. 

 Krım yarımadasını gəzmək üçün əslində bütün yollar  paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin  dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).

Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər.  İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən  Yaltaya trolleybusla  40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları  ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə  yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə  ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik  Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir. 

Yaltaya gələn insanlar daha çox  dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi: 

-Yaltada  qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən  “Qaranquş yuvası”ının indi 103 yaşı var.  Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən  Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü  Albert Tobin  Qayaya sahiblənir, burada taxtadan  ev tikir.  Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar.  Məlum olmayan səbəblərə görə, Tobin  qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi  kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli  baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı  “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid  Şervudu dəvət edir. Şervuddan  qəsri qotik üslubunda tikməsini  xahiş edir.  Şervud öz növbəsində  Fransada məşhur memar  Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də,  fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur.  Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə  qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan  baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə  alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik  rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır. 

1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır.  Qaranquş yuvasının qarşısındakı bağ uçulub  Qara dənizə tökülür.  Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val”  rəsm əsərini bu tufandan sonra çəkir. 

Növbəti dəfə sizə Livadiya sarayı barədə danışaçağam.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)