“Ayrılığı bu qədər amansız bilməzdim mən” – Aypara Ayxanı SilkWay finalına daşıyan şeirlər Featured

Böyük rezonans yaratmış SilkWay Ədəbiyyat Festivalının daha bir finalçısı Aypara Ayxandır. Aypara Ayxan - Mehmanova Aypara Murtuza qızı Sumqayıt şəhərində doğulub, 37 yaşı var. Həm gözəl rəssamdır, həm də gözəl şeirlər müəllifidir. İndiyədək "Mutasiya" adlı şeirlər kitabının işıq üzü görməsinə sevinməyə macal tapıb.

“Ədəbiyyat və incəsənət” portalı Aypara Ayxanı finala daşıyan şeirləri oxucularına təqdim edir.

 

 

AYRILIĞIN TƏRİFİ

 

Yenə asi ürəyim savaş açıb qədərə,

Tanrı məni əfv etsin, yenə üzünə ağam.

Gecəylə, gündüzlə də ulduzumuz barışmır

Yenə zamanla düşmən, yenə qanlı bıçağam.

 

Görən nə qədər keçib ayrılığın üstündən

İflic olub divarda saatın əqrəbləri.

Bayaq qınadı məni masamda kağız-qələm,

Bir də məzəmmət ilə süzdü yuxu həbləri.

 

Durub şəhərə çıxdım, fikrim dağılsın deyə,

Neçə yolu, cığırı bir-birinə caladım.

Saymadım neçə dəfə xatirənə ilişdim,

Neçə dəfə adını ard-arda təkrarladım.

 

Düyünlər boğazıma yığıldı qalaq-qalaq,

Toplayıb ordusunu qəhər üstümə gəldi.

Maşınlar, avtobuslar, piyada keçidləri

Mağazalar, binalar, şəhər üstümə gəldi.

 

Bilmədim bu nisgildən harda qaçıb gizlənim

Haranın daşın salım ürəyimin başına.

Ayrılığı bu qədər amansız bilməzdim mən

Qəfil tutulmasaydım sənsizlik yağışına

 

Hər gün dodaqlarımda sükutun cazibəsi,

Gözlərim üfüqlərdə dolanır veyil-veyil.

Bu darıxmaq başqadı, bu həsrət tamam başqa

Bu ağrının tərifi bildiyin kimi deyil...

 

 

NEYTRAL ZONA 

 

Sevinclərimə ortaq,

hüznlərimə tən bilmişdim səni...

Ürəyim ürəyinə baş qoyandan 

Vətən bilmişdim səni...

Sən demə 

güvəndiyim dağın başı büsbütün qarmış,

Sən demə 

qədərdə Vətəndə qürbətçi olmaq da varmış...

Sahib çıxmaq istəmədiyin ürəyə daha 

Bədəl ödətdirirsən bahadan baha...

Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi

Bu laqeydlik hər gün bizi yeyir, bitirir.

Neytral zonada qalmış yaralı əsgər kimi

İndi mənim hislərim durmadan qan itirir.

Saniyə-saniyə soyuyuram, biləsən,

Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı

Amma qorxma,

son nəfəsində belə sənə "Vətən" deyəcək

Deyəcək ki, baxıb sevinməsin yağı...

 

 

TAPMACA ADAM

 

Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq

Qürurdan hördüyün Çin səddi arxasında gizlənən tapmaca adam.

Nə sevdiyin bəlli, nə sevmədiyin

Yorulmuşam sənin gizlənqaç oyununda yuman tərəf olmaqdan.

Həyatımda bir varsan, bir yoxsan,

Bir çoxsan, bir azsan,

Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.

Get-gəllərindən yollar da əzbərləyib addımlarını,

Aristokratlığını itirib əlvidaların.

Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.

İndi savaş meydanını xatırladır

sualların hücumuna məruz qalmış beynim.

“Sevir sevmir”lərimlə bezdirdiyim çobanyastıqları

qürur dərsi keçir mənə

Çox dəfə ürəyini bəlkə oxuya bildim

ümidiylə gozlərimi gözlərinə dikirəm

Axı mən xəstəyəm 

Həkim demişdi sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm.

Hər dəfə balıq səssizliyi ilə susursan,

Hər dəfə lal baxır gözlərin.

Barı qolların danışsın arada,

Barı onlar itirməsin danışmaq vərdişini,

Bərk-bərk sıxsınlar məni köksünə 

Bəlkə heç sabah olmadım.

Düz demirəm, nə bilmək olar axı həyatın işini?

 

 

MUTASİYA

 

Deməliyəm ki, heç nə bir anda yaranmır

amma hər şey bir anda məhv ola bilir.

Dünya özü də yeddi gündə yarandı,

Qiyamət özü də bir anda qopacaq

Və o gün 

bütun yaxşıları yaxşılar,

bütün pisləri pislər tapacaq.

Səninsə Qiyamətin mənim ürəyimdə qopdu

Dünyamın mərkəzi deyilsən daha.

Ətrafında dönmür artıq kainat.

İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan

Demişdim axı çox da özunə güvənmə

Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,

Sultanı oldugun taxtın da devrildi...

Sayəndə DNT-si də dəyişdi duyğularımın

Sevgim mutasiyaya ugrayaraq nifrətə çevrildi.

 

 

GETDİN

 

Getdin, ruhuma əsdi yenə soyuq küləklər,

Heç nəyə yaramayan quruca nəfəs oldum.

Getdin, intihar etdi qəmzəmdə kəpənəklər

Ve getdin, içimdəki quşlara qəfəs oldum.

 

Yenə qəlbim soyundu xoşbəxtlik libasını.

Saatlar yavaşıdı, zaman sanki süst oldu

Duyunca ayrılığın sarsıdan təmasını

Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu

 

Yenə gözlənilmədən yoxluğuna uğradım

Və alnımda qırışlar günbəgün cərgə saldı

Yenə barmaq ucumdan saçımacan ağrıdım

Ve yenə gözlərimdə kədər düşərgə saldı.

 

Indi ömrümdə yoxsan, bitsə də sənli anlar

Xatirələr hələ də təzədirlər, tərdirlər.

Nə xoşbəxtdirlər indi səni görən insanlar

Çiynindəki mələklər necə bəxtəvərdilər. 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.