“Öz yasımda qoyun özüm ağlayım” - Güneyli Rəhim Təkinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbyacan nümayəndəsi, Əli Çağla “Güneydən səslər” rubrikasında növbəti şairi təqdim edir. 

 

Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxmışdır, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi əsərləri izləyib, içindən coşan duyğuları qələmə alır.

 

 GÖYDƏN

 

Sənin gözündü günüzlər mənə baxır göydən

Sənin saçındı gecə ağnayıb axır göydən.

 

Yağışlı axşamı sənlə gəzib dolanmağımız,

Yadında varmı yağırdı şirin çaxır göydən?

 

Nə nərdəsi?! Məni yalqız buraxdığın gecədən,

Bu pəncərə dalısında dəmir yağır göydən.

 

Dolanda beynimə sənsizliyin ağır havası,

Başım bükür belimi, lap olur ağır göydən.

 

Sən ilə saydığımız hansı ulduza soralar,

Baxanda gözlərimə doldururdu xır göydən.

 

Sevənləri gecələr hər görəndə pötlənirəm,

Ki, üstümə tökülür sanki odlu qır göydən.

 

Cəhənnəmin özünü görmüşəm bu dünyada mən,

Canıxmışam daha tanrı, məni çağır göydən.

 

 

ÖLÜMƏ DOĞRU

 

Deyirsən bu qədər qəmin yiyəsi,

Bəs niyə saçları bu cür qaradı?

Sən ki, məni məndən yaxşı tanırsan,

Sözlərin qəlbimə dəyən yaradı.

 

Soyuq baxışlarla, gözündə yaşlar,

Buza dönür, buza! Çörəyə buz səp.

Mənim işim daha yaradan keçib,

Yaradan ayrılan sümüyə duz səp.

 

Qəmin çoxluğundan ağarar saçlar,

Mənim içərimə sanki qar yağıb.

Sanki sümüklərim kəfən gözləyir,

Saçımın yerinə onlar ağarıb.

 

Gözü yaşlı ölsəm, silməyin onu,

Öz yasımda qoyun özüm ağlayım.

Mənim kəfənimi qara götürün,

Öz yasımı qoyun özüm saxlayım.

 

 

ÖZÜNƏ DÖNƏN QAYIQ

 

Kəndiri qıyıya bağlanan qayıq,

Qəlbini dənizə o cür bağlama.

Dalğalar üstündə yuxuya batıb,

Sonsuzlara dalıb səssiz ağlama.

 

Yalqızlığa qatlaş, belə darıxma,

Hər nə darıxmaq var, ondan qabaqsan.

Özünə dənizin aynasında bax,

Sən gözəl dənizə çirkin yamaqsan!

 

Allahın altında, bu gen dünyada,

Acı bir sözsən ki, qəlbə dəyibsən.

Özünü çırp, dağıl qayalar üstə,

Dənizin yerini dar eyləyibsən.

 

Bənzəyirsən acı gülümsəməməyə,

Gecə-gündüz qara baxta gülərsən.

Umma nəhənglərin intiharına,

Özünə dönərsən, sən də ölərsən.

 

Dənizin ortası gecə, qaranlıq,

Üzməkdən yorulub, boğuluram mən.

Birazdan uçacaq ruhum yanına,

Nənni olub ona layla deyəsən.

 

 

CƏHƏNNƏM

 

Behişti bilmirəm,

Amma düz deyirmişlər,

Cəhənnəm elə bu dünyadadı,

Mən cəhənnəmin bacasından baxmışam.

 

Bir qış gecəsi idi,

Körpünün altında bir qızcığaz

Yatağı cəhənnəmə açılan qapı.

Bir təlisi üstünə çəkib

Cəhənnəmin qapısını örtdü…

 

Sonra

Bacaqları

Dənizdən qırağa düşən

Bir cüt qızılala,

Səhərə dək baxdım,

Can verə bilmədilər.

 

 

USTA

 

Nə bir nə on, nə yüzü?! min gəmim batıb usta!

Gəmim batıb da şərab küplərim atıb usta!

 

O körpəkən də durub öz ayaqları üstə,

Bu bəxt elə ayaq üstündə də yatıb usta!

 

Yana-yana soyumaq birdən olsa çatladacaq,

Bu çatlaq indi gəlib çiynimə çatıb usta!

 

Dedim məni o gözəl qız dolandırar başına,

Dolandırıb daşımı, daş ürək atıb usta!

 

Onu unutmağa xatir çoxum gedibdi mənim,

Azalmağa gedirəm, day əlim batıb usta.

 

Bu qədər dava nədir mömin ilə dinsizdə?

O bir baxışda behişti alıb-satıb, usta.