“Gedibsən, yalqızlıq kafesindəyəm” - Güney Azərbaycandan Səhər Xiyavinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan üzrə nümayəndəsi Əli Çağla Təbriz şəhərindən növbəti şairin təqqdimatını yollayıb. Bu dəfə sizləri “Güney Azərbaycan ədəbiyyatı” rubrikasında şairə Səhər Xiyavi ilə görüşdürəcəyik. 

 

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav (və ya Meşgin) şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Bunlar “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabını Azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə  satışdadırlar.

 

 

SÜRGÜN GÜNƏŞ

 

Yadındadırmı sevgilim?

Demişdim: "Bir dərin mağara var içimdə,

Heç nə ilə dolmur."

Milyonlar yaşı olan

Sönükmüş ulduzların

Mağarasından qoca və dərin!

Bu duyğu hələ də mənimlə var.

İti dişli mişar kimi

Gecə-gündüz dartır ruhumu.

Bütünsüz pazzeləm,

Yarımçıq roman!

Nə ilkim bəllidir, nə sonum.

Başımı itirmişəm dəhşətli dumanlarda

Gecə yarıları lapbadan düşünəndə

Dərin tənhalığımı,

Qışa dönürəm yay günü.

İnsanın tənhalıq duyğusu

Ətrafında olan adamlara deyil.

Cəmiyyətdə tənhalıq,

Yalqızlığın ən pis üzüdür.

Düşünmüşəm,

İnsan sonsuz bir yalqızlıqdır

Ucu-bucağı bilinməz.

Nə sevgi, nə həvəs

Doldura bilməz boşluğunu

Yalnız keçəri uydurmadır bunlar.

Naçar nərdivan qoyub,

Pillə-pillə içimdəki

Qırx qat dolanbaca enirəm.

İnanmazsan;

İllər boyu

Qapı-qapı axtardığım sürgün günəşi

Ürəyimin tən ortasında tapıram!

İsinirəm, tamamlaşıram.

Özümə sarılıb,

Özümü qucaqlayıram

Sən haqlı idin;

İnsanın dərin yalqızlığını

Özündən başqa kimsə doldura bilməz!

Sən də yalqızlığıma ortaq ol!

 

 

NİYƏ ÇIXDIQ YOLA BİZ?!

 

Gedirdik qasırğalı havada,

dağ-dərəli, uçurumlu yollarda.

Töküllürdü başımıza xəzəllər,

Beynimizdə püskürən volkan

Ürəyimizdə dəlisov dəniz.

Gedirdik tuzanaqda,

başı havalı, sərsəm.

Çör-çöp gözlərimizdə,

Ayaqlarımız qabar-qabar.

Açarkən gözlərimizi

Çıxılmaz küçələr idi.

Açarsız qapılar

Hər yer divar-divar...

Biz idik peşman ayaqlar

Hüzünlü baxırdıq arxamıza.

Gəldiyimiz qanlı-qadalı yollara!

Axıtdığımız qan tərə!

Qaranlığa axışan sonuclara!

Gecənin dərisi daha qatılaşmışdı

Zavallı əllərimiz qısır,

Kal arzularımızın boyu əl çatmaz.

İndi qurtarmaz gecələrdə

Sivrilmiş hulqumlarla

GÜNƏŞ bağırırıq,

SƏHƏR çığırırıq.

Görəsən günəş bir də

Qonaq gələcəkmi,

Nəmiş dustağımıza?!

 

 

ISLAQ ANILARIM

 

Islaq anılarımı

Sərmişəm cansız qış günəşinin şəritinə.

Anılarım küf gedir şəritdə,

Könülsüzcə

Divar üstündə bir pişik,

Hüzünlü başını tovlayır mənə.

Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,

Qurumur göz yaşlarım,

Tökülmür köksümü ağırladan daşlarım

Aslaq qalmışam anılarımdan,

Islaq qalmışam fəsillərin yol ayrıcında

Boşluqdan doludur yaşam.

Saxtadır...

Saxtadır...

Bu günəş,

İsindirmir məni

Gözlərinin qovuran günəşi olmasa.

 

 

DARIXMA, XANIM

 

Qadın oturmuşdu ayna önündə,

Özündən getmişdi, özündə dalğın.

Keçmiş xatirələr keçir önündən

Mat qalıb özünə, üzündə dalğın.

 

Əl çəkib üzünün cizgilərinə,

Ah çəkib içindən şivən qopardı.

Xəyalı bir ləhzə, bir an içində,

Gəlinlik, gənclik çağa apardı.

 

Kremlə gizlətdi cizgilərini,

Dodağa nar rəngi matiki yaxdı.

Gözünün altına çəkib midadı,

Birazca sevincək üzünə baxdı.

 

Nə vaxtdan süzürdü qadını əri,

Xanımın düşünüb gəldi arxaya.

Dedi: "Boş ver, xanım, bu şey-şüyləri,

Bunlarsız bənzirsən canımçün, aya.

 

Yaşayış yolunun çal-çuxurunda,

Ağaran saçının olum qurbanı.

Üzündə cizginin qadasın alım,

Səni bəyənmişəm hər halda yəni.

 

Üzülmə, darıxma, ömür ilində,

Hər anın, hər fəslin gözəlliyi var.

Xınalı payız da gözəldir, gülüm,

Payızın başqa bir özəlliyi var.

 

Darıxma, darıxma, ana köksünü,

Hazırla körpəcik nəvəli çağa.

Gülümsə, gülümsə bütün ömrünü,

Bircə gülüşünə verim sadağa.

 

Anamsan, bacımsan, həm də yoldaşım,

Bütüncə həyatım üzünə qurban.

Gözündən başlandı ömür təqvimim,

Ağlama, yaşarma, gözünə qurban."

Sarıldı boynuna, aldı qadını,

Kişi qollarının çərçivəsinə.

Qadının qəlbinə dinclik gəldi,

Başını dayadı sol sinəsinə...

 

Tapbatap vururdu ikicə ürək,

Dodaqlar qovuşmaq üçün yanırdı.

Nağılın sonunda çəkildi pərdə,

Ulduz yaşmaq çəkib ay utanırdı.

 

 

YALQIZLIQ KAFESİ

 

Ax... Nə təmtəraqlı dünyam var mənim,

Dinc bir kafedəyəm qaynayır çayım.

Yalqızlıq dünyamın padişahıyam,

Bəsimdir dünyadan bu şirin payım.

 

Min əlli ələyir qar dışarıda,

Pəncərəm yaş tökür, ağlayır sıcaq.

Közərir odunlar şominə içrə,

Nə gözəl, nə şirin yanır bu ocaq?

 

Çay töküb gətirrəm nabatlı bir çay,

Oturram masanın çarpayısında.

Həsrətim ürəkdə, yalnız masanın,

Kaş ki oturaydın sən o tayında.

 

Deyəydik, güləydik, qar-soyuq nədir?

Əllərin əlimi sığallasaydı.

Sənsizlik zəhərdir, zəhərdir yaşam,

Gözlərin gözümlə bir ağlasaydı.

 

Gedibsən, yalqızlıq kafesindəyəm,

Tənhalıq dünyamın padişahıyam.

Sanki qar-yağışlar içimdə yağır,

Bütün hicranların nisgil ahıyam.

 

Yox, mənə şirinlik day gərək deyil,

Nabatsız çayımı sənsiz içirəm.

Gül əkdik doyunca sevgi bağında,

Nədəndir bu gün mən, tikan biçirəm?!

 

Gedibsən, heç kimlə dolmayır yerin,

Dövrəmi adamlar alsa da belə.

Sən yoxsan dünyada, qəribəm gülüm,

Milyonlar adamlar olsa da belə.

 

Diskinib ansızın gəlib özümə,

Görürəm nə çay var, nə kafe, masa!

Yadımdan çıxıbdır, sobam da yanmır,

Yoxluğun qəmində batmışam yasa...