Ən yaxşı şeirlər: “Bu ömür bir qazan qardı”

 

“Ədəbiyyat və incəsənət” portalı “Ən yaxşı şeirlər” rubrikasında bu dəfə sizə Cəlilabadda yaşayıb yaradan tanınmış şair 

Əlizadə Nurinin “Bu ömür bir qazan qardı” şeirini təqdim edir. 

 

Yoxdu bu qəmin yiyəsi,

Götür qoy gözün üstünə.

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Səs deyil hər haray- həşir,

Canımız bir sevda nəşi.

Tuta bilmədik günəşi,

Yıxıldı tozun üstünə.

 

Yerdi əsən, yeldi əsən?

Axsaq imiş o tələsən.

Qələm yorulub deyəsən,

Əyilib sözün üstünə.

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar-damardı...

Bu ömür bir qazan qardı-

Qoymuşuq közün üstünə...