“Mən gedəndə yuxudaydın, oyatmadım...” (Günel Balakişi) - SW ekspertlərinin seçimi Featured

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə sayılı günlər qaldı.

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.


Günel Balakişi qızı Ağayeva (Günel Balakişi)

1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirib. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində bakalavriat, 2010-2012-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura pilləsi üzrə ali təhsilə yiyələnib.

Şeir yazmağa orta məktəb illərində başlayıb. İlk şeiri 3-cü sinifdə oxuyarkən məktəbin həftəlik divar qəzetində yer alan “Ana laylası” olub.

“Ulduz” jurnalında, “Manera.az” ,”Adalet. az” portallarında, “Ədəbiyyat” qəzetində şeirləri yayımlanıb.

Sevgi lirikası... Əbədiyaşarlıq qazanmış janr... Güneldə ayrılıqlar yarası hələ qaysaq bağlamamış ayrılıqlardır, oxuduqca sənə də siyarət edir, səni də göynədir.

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi? –deyir o. Çox içdən deyir özü də.

 

 

 

 

 

 

 

Uzaqlar

 

Bilsəydim, çoxdan gedərdim.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...

 

Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,

qəfil gedən qonaqlar.

 

Sözünü yerə salmadım,

səssiz olur, əziz olur sözə baxan uşaqlar.

 

Mən də getdim, elə getdim...

Barmağımın uclarında hələ də küt ağrı var.

 

Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:

Qırıb-töküb yox etmədən,

nəyim var ki, o komada mənim səndən başqa onsuz...

 

Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...

Gah oynatdın, gah da atdın...

Daha sənlə oynamıram.

 

Oyun bitib, mən getmişəm.

Mən gedəndə yuxudaydın, oyatmadım...

 

Oyananda ağlamısan,

Oyuncağı axtarmısan...

Sinəmdədir, gizləmişəm,

Mən hamıdan, mən hər şeydən gizlənmişəm...

 

Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.

Bilsəydim, çoxdan gedərdim.

 

Ən azından bilərdim ki, məni gəzən,

Mənim üçün qəribsəyən bir uşaq var...

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!

 

 

Sənsiz olmur

 

Darıxıram, sənsiz olmur.

Olur, amma, sən, bilmirsən

Sənsiz olmaq necə olur...

 

Necə deyim, anlayarsan?!

Bax, məsələn, yağsız, duzsuz yemək kimi.

Susuz balıq,

Labirint yol,

Tərk edilmiş yaşlı, qoca...

Yetim qalmış uşaq kimi -

Belə olur sənsiz olmaq.

 

Bax, məsələn, bu aralar, aynadan da yan gəzirəm -

Utanıram, gözlərimlə üzləşməyə.

Mən o qədər sən olmuşam:

Gec qalmışam, səni mənə dəyişməyə

 

Nə gülüşüm həmin deyil,

Nə yerişim həmin deyil -

Səmtimi də itirmişəm,

Hara gedim, kimə gedim?

Əynim nazik dolaşıram

küçələri sabah-axşam veyil-veyil...

 

Qollarını aparmısan,

Qoy üşüyüm.

Yatağı da yığmamışam -

səndən sonra buzdur yorğanım, döşəyim.

 

Hər gecənin sabahı var...

İstəmirəm!

Sənsiz gələn sabahları, istəmirəm.

Sevdiyimlə sınamağı, savabları istəmirəm...

 

Günahları istəyirəm,

Yetər ki, gəl...

Günahınla, savabınla, yetər ki, gəl...

Darıxıram!

 

Sənsiz olmur...

Olur, amma...

İndi, bildin sənsiz olmaq necə olur?

Belə olur, sənsiz olmaq,

Olsa, olsa belə olur!

 

  

Dərdin varsa

 

İnsan kimi sürünmədən yaşamaqmı istəyirsən?

Dərdin varsa, dərdini də sevəcəksən,

Əyləncəyə çevirərək....

Başa gələn başmaqçıyam, dərdin varsa, qol-qanad aç

Misal üçün: dur, rəqs elə....

Bacarmırsan, bir şeir yaz,

Yaz dərdini kağız elə.                                                                                                                                                 

Vərəq-vərəq yaz, sonrasa, elə cır ki,

taleyinin yazısını

Tikə -tikə, xırda-xırda....

Dərdini çox böyütməye,

Keçmişinin tozu kimi, üfür yelə...

 

Suallar ver öz-özünə, öz-özünə müsahib ol,

Pıçıldama ürəyində, çölünə tök içindəkin,

Utanmadan, çəkinmədən, lap ucadan...

Hünərli ol, demə baxan dəli deyər                                                                                                        

Sənin dərdindən, mənə nə?

Mənim dərdimdən, sənə nə?

Baxana nə?

Görənə nə?

Kənara nə?

Kənar gəzsin kənardakı....

 

Büdrəsən də, zəifləmə, zəif olma,

 Suçlayacaq "yanındakı".

Qalx ayağa, dərdin varsa, mahnı oxu

Fırça götür, çək dərdini rəsm elə....

Nə edirsən elə,

Amma.........

Aman-aman, yıxılma ha

 

Sən həmişə belə oldun,

Əyrisən də....

Düzəlməzsən, nə edirsən səhv edirsən

Düz etmirsən,

Rəzilsən də.....

Ahlarınla, ohlarınla, yorucusan

Məsum rolu oynama heç,

 

Əkdiyini biçirsən, sən

Doğru mənəm, yalnış sənsən                                                                                                           

Bilirsənmi, kim deyəcək, bax, bunları?

Kim daha çox baltalayar, yorulanı, yıxılanı?

Sənin canın, qanın olan yaxınların......

 

Güldün, elə?

Güldün, elə?

Əhsən sənə.....

Dərdin varsa, dərdini də sevəcəksən,

Əyləncəyə çevirərək, gülə-gülə...

Bax, belə...

Bax, belə!

 

 

Bizim üçün darıxmışam

 

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi?

Sənə elə möhtacam ki, bu aralar...

Duysan....

Görsən.... Dönərsənmi?!

 

Elə yorub həyat məni...

Bilirsən ki, ağlamaqdan utananam.

Utanmaqdan keçib daha,

Hönkür-hönkür ağlayıram,

Göz yaşımı silərsənmi?

 

Hamı məndən üz çevirib,

Doğmalarım düşmən olub,

Qəlb sirdaşım,

Ürək dostum,

Bilsən, necə təklənmişəm?

 Göz yaşımı silərsənmi? 

 

Hamı məndən üz çevirib,

Doğmalarım düşmən olub,

Qəlb sirdaşım,

Ürək dostum,

Bilsən, necə təklənmişəm?

Gəlib mənə ürək-dirək verərsənmi?                                                                                                    

Baş götürüb getməyə də yerim yoxdur,

Satılmışam...

Dağılmışam....

Ruhum ölüb.

Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.

Mənə həyat verərsənmi?

 

Gənc deyiləm,

Daha canda can qalmayıb.

Oxşadığın saçlarımı görməyəli çox ağarıb.

Bir zamanlar mənə dərman təkcə səndin...

İndi, hər yeməkdən əvvəl… Sonra…dərman!

Eşitsən ki, bir xəstən var,

Gəlib ona dəyərsənmi?

 

Hər gün qonaqsan yuxuma.

Ruhum, gecə olan kimi sənə gəlir.

Nə olarki, sən, gerçəkdə mənə gəlsən,

Qucaqlasan....

Mən də sussam, qayğılardan uzaqlaşsam,

Səndə qalsam....

Yenə məni əvvəlkitək sevərsənmi?

 

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi?