"Ulduz"un aprel sayı “Ədəbiyyat və incəsənət” portalı ilə birgə hazırlanıb

"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət" portalı ilə birgə hazırlanmış dərginin bu sayı məşhur italyan psixoterapevt Rafael Morellinin məsləhət və nəsihətləri ilə açılır. 

 

“Üzbəüz" rubrikasında gənc şair  İntiqam Yaşarın AYB-nin sədr müavini, şair Rəşad Məcidlə müsahibəsi yer alıb. Yazıçı Varisin "Adajio, Adajio, birdən Alleqro" essesi fəsillərin etüdlərindən ibarətdir. Rüfət Rzayevin tərcüməsində "Ayın enişi"( Moonfall) filmi ilə gündəm qazanan dünyaca məşhur  rejissor Ronald Emmerixin müsahibəsi və sensasion "Networking" kitabından bəhs edən yazı təqdim edilir. 

Tarixin ən yaxşı filmləri "IMDB"-nin versiyası üzrə tərtib edilib. "Teatr" rubrikasında Bahəddin Salmanın təqdimatında Əməkdar artist Sənubər İsgəndərlinin, "Musiqi" rubrikasında Aysel Kərimin təqdimatında Əməkdar artist, Prezident mükafatçısı Fərqanə Qasımovanın müsahibəsi yer alıb. Bahəddin Salmanın digər müsahibəsində isə gənc impressionist rəssam Nazilə Fərzullayeva söhbətə çəkilir. 

“Kitab rəfi" rubrikasında dünyada ən çox oxunan kitabların reytinqtinə nəzər salınır.  260 IQ göstəricisinə malik dünyanın ən ağıllı insanı Uilyam Saydişin faciəli taleyini dərginin "Talelər" rubrikasında oxuya biləcəksiniz. Nərgiz Cabbarlının "Tənhalıq cəhənnəminin qurbanları" başlıqlı yazısı Yaponiya yazıçısı Rünoske Akutaqavanın həyat və yaradıcılığından bəhs edir. Sevgidə uğur qazanmağın yolları Əlibala Məhərrəmzadənin "Sevgidə uğur qazanmaq üçün nə etməli?"  motivasiya yazısında geniş təhlil edilib.  "Nəsr" rubrikasında Habil  Yaşarın "Qaranlığı yazanın gecəsi" adlı hekayəsi ilə, "Poeziya" rubrikasında isə İqbal Nəhmətin şeirləri ilə tanış olacaqsınız. 

Polşa şairəsi Halina Posviatovskanın şeirlərini gənc şair Ümid Nəccari dilimizə çevirib. Mahirə Hüseynovanın "Həqiqət pıçıltılarının poeziyası" sərlövhəli yazısında Hidayət Orucov yaradıcılığının mühüm istiqamət və çalarları diqqətə çatdırılır. 

Mediator və yazıçı Zamiq Abdullayevin yazısı özündə mediasiya ilə bağlı mühüm bilgiləri ehtiva edir. Nəhayət, "Dərgidə sərgi" rubrikasını gənc rəssam Ofelya Hüseynzadəni rəsmləri bəzəyir.