“Ağ günlərinin üstündən qara donunu geyinən qadın” (Gülnar Ümid) - SW ekspertlərinin seçimi Featured

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi artıq başa çatıb. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda 32 finalçının adları açıqlanıb. 

“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

 

Gülnar Ümid (Hüseynova)

 

1985-ci ildə Cəbrayıl şəhərində anadan olub. Məcburi köçkünlük həyatı onun ailəsini Sumqayıta gətirib. 2003-cü ildə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbi bitirib. Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşıdır. “Və bir gün..." şeirlər kitabının müəllifidir.

SW ekspertləri finalçıları seçərkən “məşhur adlar”ın təsirinə tam düşməmək üçün finalçı siyahısında ən azı bir neçə təəccübləndirə bilən qeyri-məşhur ad öhtəliyi də qoymuşdular, “Yerin gözünə mirvari suyu gəldi, adını dəniz qoydular” deyən Gülnar Ümid də bu təəccübləndirə bilən qeyri-məşhurlardandır.

 

 

 

 

Yenə biz?! 

 

Yerin gözünə mirvari suyu gəldi,

Adını dəniz qoydular;

gözləri kor, 

dili lal olsa da, 

ilk sevinərək qığıldadığı dalğaların səsi oldu...

Göy üzü də əllərindən əlildi, 

bizi qaldırıb öz yanında oturda bilməsə də,

göydə nə vardısa,

hamısını ətəyindən yerə tökdü...

Yenə biz?!

 

Gecələr bəzilərinə kor göz,

bəzilərinə ağlayanda 

silə bilmək üçün qara yaylıq oldu...

Gündüzlər isə əynimizdən bər-bəzəkli

özgə cildinə məxsus

yamaqlı paltarlarımızı sökdü...

Yenə biz?!

 

Yediklərimiz qarnımızı doyursa da,

gözlərimiz özgə ciblərinə əl açıb 

dilənçi oldu.

Nədənsə əməllərimiz

qayğıkeş qarışqalardan kiçik -

istəklərimiz onların arzularından böyükdü...

Yenə biz?!

 

Yalan üçün açılan əllərimiz 

ətəyimizdən uzun,

vicdanımız dilimizdən qısa oldu -

Bizim əvəzimizə utanıb 

gizlənqaç oynayan doğrular 

bizim qarşımızda diz çökdü...

Yenə biz ?!

 

Torpaq udqunaraq əllərini 

göylərə qaldıran zavallı,

yağış isə göyün dəmlədiyi aşın 

süzülən həlimi oldu -

Gördüklərimizi o qədər çiy-çiy çeynədik ki,

bilmədik bişmişlər bizdən dönükdü...

Yenə biz?!

 

Susma, danış, insan!

nə oldusa, sən susduqca oldu.

Zaman uzun, ya qısa

fərq etməz -

bu dünyadan o dünyaya getmək üçün yollar hörükdü...

 

Yenə biz səbəbkarıq,

yenə biz günahkarıq!

 

 

 

Qara çiçəklər

 

Qaranlıqdan qorxub küncə sığınan uşaq idin,

indi qaranlığa göz yaşlarının işığıyla baxırsan aydın-aydın.

Bağçanızda əkdiyin güllər rəngbərəng idi -

güllər də öz rəngini, adını dəyişərmiş,

sənin bədəninə səpilən zərbələrin toxumları

qara rəngə boyanmış çiçəklər açır:

nərgiz də, lalə də, bənövşə də...

adı mahnılarda qalan bir xatirəymiş;

dəyişilib təcavüzlə yeniləndi adları,

qanad açıb uçmaq istəyən arzuların da qanadları qırıldı.

Dimdiyində yuvasına çatmadı xəyalları,

ruhu göylərə su, cismi torpağa dən apardı...

Yenə yerdən göyə əl sallayan səslər

göydən yerə özünə kömək aradı,

Görəsən, nə səsdi, nə haraydı.

Heç nə...

Yenə qarışıb bir qadının yuxusu:

yuxusundan hədə-qorxu səsləri

quyudan su gətirin deyir,

qara rəngli çiçəklərin qoxusu gəlir...

Yudu göz yaşıyla ömrünün günlərini,

ipdən asmaq istədi,

bəlkə bir gün ömrünə yaz fəsli gələr deyə,

quruyar asdığı günlər -

qəfil əsən qara yel ipini dolaşdırdı,

boğazına ilişdi asılmış ipin düyünləri.

Qalxdı göyün üzünə,

üzüldü ayağı yerdən:

susuz qaldı qara çiçəklər.

göz yaşından su içdi

məzarında əkilən rəngli çiçəklər...

 

 

Bilirsən?

 

Bilirsən səni necə sevirəm?!

Məsələn hər kəsdən gizlətməyə çalışdiğım məktub kimisən,

gizlətməyə yer çox olsa da,

mən səni gizlətməkdən qorxduğum üçün itirirəm..

 

Cümlələrimin nöqtəsinin işığı pərvanəsi getdiyi üçün

bitdi kəlməsində sönər və pərvanənin qanadlarının tozu şəklində 

uzun nöqtələr səpələnər sənə yazdıqlarımın sonuna...

 

Məsələn, sən özünü mənim gözümdə uzaq kimi görərsən

amma anlamazsan ki,

mənim gözümün uzağı görmə dərəcəsi mənfidir...

 

Hə...

bir də gecə yuxuya getmə anından xəbərsiz kimi sevərəm səni

və oyanacağımızdan xəbərsiz kimi də itirirəm...

 

Misal gətirdiklərim əslində bir ağrıkəsicinin tərkibidi,

ağrı kəsildiyi anda təsəllin olar,

təsirini itirdikdən sonra yenidən başlar.

 

 

Və sən hey gözlərsən...

 

Sərhəd məftillərinə dolaşan kimidir naz bilməyən qadınların saçları.....

Kirpikləri qırılmış çətir kimi süzər gözlərindən yağan yağışın damcılarını

Təbəssüm qatarı yanaqlarının relsindən çıxıb yolunu azar 

Və sən hey gözlərsən....

 

Qolların dizlərinə qucaq, başın isə sığal olar təsəlli üçün

Ruhun əsir düşər düşüncələrinə 

Qibləsini dəyişər qurtuluş üçün..

Etdiyin dualar qəbul olunmaz,

Və sən hey gözlərsən...

 

Ürəyinə ilmə-ilmə yamaq atarsan keçmiş günlərin xatirəsindən,

Səfil görünüşüylə diləndirər səni, ac qalmış dünyası üçün

Gülənlərin saya gəlməz, dərdinə yananlar yanında olmaz,

Və sən hey gözlərsən....

 

Ağ günlərinin üstündən qara donunu geyinən qadın,

qol qaldırıb heç bir mahnıya oynaya bilmir.

Utanarsan rənglərə baxıb gülümsəməyin rəsmini çəkməyə 

Və sən  hey gözlərsən....