Anarın “Ağ liman”ı Təbrizdə çap olunub

 

Anarın “Ağ liman” adlı povesti Təbrizdə, “Sona” nəşriyyatı tərəfindən çapa yetirilibdir.

 

Bu kitabın köçürəni Əli Çağla olubdur. Kitab Azərbaycan əski əlifbasında 206 səhifədə yerləşibdir. Kitabın birinci çapı 1000 tirajla qarşılanıbdır.

“Ədəbiyyat və incəsənət” portalına Əli Çağladan verilən məlumata görə, “Ağ liman” kitabı, artıq Güney Azərbaycanda “Sona” nəşriyyatı, Online kitabçı və Kitab al veblərində satışa çıxıbdır. Kitabın üz qabığının  dzayneri isə Kiyumərs Nizamiyan olubdur. 

Kitabdan bir bölüm:

“Gördü ki, böyük bir dənizin sahilindədir. Sahil bom-boşdur. Dəniz uzandıqca uzanır. Sahil sap-sarıdır. Sarı qumlar. Dəniz göm-göydür. Ləpəsiz. Ancaq birdən gördü ki, dənizin, göy dənizin lap, lap uzağında nə isə ağ bir şey görünür:

Ağ liman. Ağ... Ağ... Ağappaq və bu ağ limanda qırmızı gəmilər dayanıb. Qırmızı... Qırmızı... Qıp-qırmızı...”

Xalq yazıçı Anarın “Ağ liman” əsərində əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Yazıçı burada öz insan konsepsiyasını ziyalının Mənəvi dəyər və əxlaqi sərvət anlayışının guşə daşı kimi yoxlayıb, sınaqdan keçirir.

“Ağ liman” əsəri Rusiyada, Polşada, Macarıstanda, Bolqarıstanda, Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, İranda, Slovakiyada, Gürcüstanda, Misirdə və bir sıra ölkələrdə çap olunmuşdur.