“Kağız gəmilərdə batan uşaqlığım...” (Ruslan Dost Əli) - SW ekspertlərinin seçimi Featured

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi artıq başa çatıb. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda 32 finalçının adları açıqlanıb. 

“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Ruslan Dost Əli (Cahangirli)

 

1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub.

2015-ci ildə Türk ədəbiyyatında uğurlu addımlarına görə Şahmar Əkbərzadə adına "Beynəlxalaq Ədəbiyyat Mükafatı"na layiq görülüb.

2016-2018-ci illər arası Azərbaycan Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş təqaüdünə layiq görülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri ilə bağlı Qazaxıstanda nəşr edilmiş "28 May" qəzetinin ideya müəllifi və baş redaktorudur.

2020-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin gənci" mükafatına layiq görülüb.

2016-cı ildə "Ruslan dostumun kitabı" adlı kitabı nəşr olunub.

Bir sıra ədəbi müsabiqələrdə l-ci yerə layiq görülüb.

Ruslanın şeirləri maraqla oxunur və qədərincə də bəyənilir. “Sənə bir şeir yazmışam, incimə, səndən qəşəngdi...” misralarının gözəlliyinə sözmü demək olar? Yaxud da, “O buz otaqda az üşü, göndərdiyim məktubları yığ, topla, alışdır, getsin...” misralarının hərarətinə hərarətmi çatar?

 

  

***

 

Bu payız vaxtın eşqinə,

qaş-qabağınla yer süpür,

alnını qırışdır, getsin...

 

O buz otaqda az üşü,

göndərdiyim məktubları

yığ, topla, alışdır, getsin...

 

Divardakı mən deyiləm,

şəkildi də, kin saxlama,

bir söz de, danışdır, getsin...

 

Yenə səksəndim, ay dəli,

belə qəfildən yadıma

düşməyi... yığışdır, getsin...

 

 

* * *

 

Bu pulun olmayan vaxtı,

deyirəm, noola, bircə dəfə

yeyib-içəsən, deyələr

hesabı şeirnən ödə...

 

Ömrün-günün qara vaxtı,

şeiri bir bəyaz boya san...

Bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan...

 

Yazmağa həvəsin ola,

nəyəsə yaraya şeir...

Bir ovuc küldən ötəri

özünü yandırmayasan,

basasan yaraya şeir...

 

Qəm eləmə, qoca şair,

hərf-hərf oxuduğun

alnınsa... yaxşı olacaq!

Fikri satışa qoymuşam,

alınsa yaxşı olacaq...

 

 

* * *

 

Səni mən tək sevməyənlər,

bilirəm, mənnən qəşəngdi.

Adam var, adamdan qəşəng,

gün var ki, günnən qəşəngdi...

 

İslandıqca baxışlar da,

aram dəyir yağışlarnan.

Alnım, üzüm qırışlarnan,

saçlarım dənnən qəşəngdi...

 

Ruhum sevgi, səsim sevgi,

quruca nəfəsim - sevgi.

Kim nə deyir desin, sevgi,

imandan, dindən qəşəngdi!

 

Səni sözə oxşatmışam,

nə cür görmüşəm, yozmuşam;

Sənə bir şeir yazmışam,

incimə, səndən qəşəngdi...

 

 

* * *

 

Hərə bir zümzümə edir keçmişdən,

hərə içində bir bəstə saxlayır...

Məni bu od-ocaq qızdırmır daha,

məni xatirələr isti saxlayır...

 

Gəlib məhləmizdə az tutmayıblar,

qızlar gəlinciyi, donu əlimdə...

Mən də böyüməyə tərəf qaçardım,

qarğı atım vardı - onun belində...

 

Gedib kitablarda quş axtarardım,

rəsm dəftərimə şəkil çəkməyə...

“Klas”a bir yastı daş axtarardım,

indi daş gəzirəm bir ev tikməyə...

 

Deyimmi, xəlvətcə, ağac başına

çıxıb yuvaları yoxlamağımı;

Körpə budaqlardan yay-ox düzəldib,

günahsız göy üzün oxlamağımı?

 

Canım bahasına ala bilmərəm,

suyu qiymətinə satdıqlarımı...

Sonradan səngərdə döyüşən gördüm,

taxta avtomatla “atdıqlarım”ı...

 

Götürüb üstünə adımı yazdım,

bir arxa tulladım, getdi-gəlmədi -

Mənim uşaqlığım, ahh... uşaqlığım

kağız gəmilərdə batdı, gəlmədi...