Qardaş Tatarıstanın nüfuzlu “Kazan Odları” ədəbiyyat jurnalının ilk sayının nəşrə başlamasından 100 il ötür. Jurnalın 100 illik əlamətdar yubileyi münasibəti ilə Azərbaycanda kitab hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda "Kazan Odları"nın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorunun isə hekayəsi Azərbaycan oxucularına təqdim olunur. Nəşr tatar ədəbi ictimaiyyətinə Azərbaycanlı həmkarlarının qardaş hədiyyəsi və təbriki dəyərindədir.
Kitabın önsözünü, yazarların özkeçmişini və şeirləri Əkbər Qoşalı ilə Əhməd Şəfəqli (Orucov), indiki baş redaktor Rüstəm Qaliullinin özkeçmişini və hekayəsini isə İlqar Türkoğlu Azərbaycancaya çevirib.
Nəşrin məsləhətçisi İsmət Orucəliyev, rəssamı Nəvai Metindir.
"Kazan Odları-100" adlı nəşrdə mətnlərin tatarca orjinalı da verilib.
Nəşr bugünlərdə Kazanda keçiriləcək təntənəli yubiley törənində ədəbi ictimaiyyətə təqdim olunacaq.
Azərbaycanla Tatarıstan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafı eyni soydan, eyni kökdən olan xalqlarımızın qardaşlıq ruhu və ədəbiyyatın estetik dəyərləri, zamanın çağırışları ilə səsləşir.
Doğrudur, pandemiya səbəbindən bu əlaqələrdə, qısa da olsa, fasilələr yaranmışdı, bununla belə, virtual əlaqələr davam etdirilib. Pandemiyadan öncə, 2019-cu il Tatarıstanın Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” kitabının Azərbaycanda gün üzü görməsi və müəllifin iştirakı ilə geniş təqdimatının keçirilməsi ilə ədəbiyyat təqvimimizdə yaddaqalan hadisələrdən olub. Ondan bir neçə il öncə "Gənc Tatar şeiri" antologiyası Bakıda gün üzü görmüşdü. Hər iki nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin nəşridir.
Azərbaycan oxucuları tatar ədəbiyyatının, tatar şeirinin orta əsr ən ünlü təmsilçiləri Kul Ali yaradıcılığı, eləcə də, 1552-ci ildə qəhrəmancasına həlak olan Kul Şərif haqqında bilgilərə, o dövr tatar ədəbiyyatı haqqında təsəvvürlərə malikdir. XX yüzilin başlarında, öz qısa həyatında xalqına fədakarcasına xidmət etmiş böyük şəxsiyyət, yanarürəkli şair Abdulla Tukay, eləcə də, Qalimjan İbrahimov, Kavi Nəjmin, Ayaz İssaki, orta məktəb dərsliklərindən tanıdığımız Musa Cəlil, bir çox klassik və çağdaş tatar yazarları Azərbaycanda sevilə-sevilə oxunur.
“Kazan Odları” jurnalının son yüz ilin ədəbi-mədəni əlaqələrimizdə özünəxas fəaliyyəti olmuşdur. Biz tez-tez “Kazan odları” jurnalının səhifələrində Azərbaycan yazarlarının əsərlərinin yer aldığının da şahidi oluruq. Azərbaycan yazarları Əkbər Qoşalının, Afaq Şıxlının və digərlərinin jurnalla sıx əlaqələrini özəlliklə vurğulamaq olar. Bizim üçün çox xoşdur ki, bu gün bu jurnala istedadlı gənc yazıçı, Azərbaycanın könül dostu Rüstəm Qaliullin başçılıq edir.
"Kazan Odları" jurnalının redaksiya heyətini, əməkdaşlarını, oxucularını 100 illik yubiley münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar diləyirik!