SW ekspertlərinin seçimi –“ Dünya başını itirib, adamlar ümidlərini” (Tural Cəfərli) Featured

 

Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Cəfərli Tural Vaqif oğlu (Tural Cəfərli) 

1991-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisasını bitirib. Dövri mətbuatda şeir və hekayələrlə çıxış edir. İki şeirlər, bir hekayələr kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Hal-hazırda Azərbaycan Dillər Universitetində çalışır. 

Ekspertlər Turalın hardasa aforizmləri xatırlayan lakonik misralarını bəyəniblər. Onu  final mərhələsində görmək üçünsə, fikirləşirlər ki, bu misralar bəs edər:

Atama, anama borcumu 

ödəyə biləcəm belə getsə,

təkcə bu banklara olan borcum

bitmir ki, bitmir...

 

 

Minimalist düşüncələr

 

Özümü kredit kartı kimi hiss edirəm,

Alış-verişdən sonra, 

Hər gün lənət oxuyur istifadəçilər mənə...

 

Oğlunu sözləri ilə qucaqlayır,

Müharibədə qollarını itirmiş ata...

 

Adamlar var üzündə maska ilə də,

Gizlədə bilmirlər qayğılarını...

 

Zibil qabına atılan dəmir qabları

Qızıl hərisliyi ilə yığırdı bir adam...

 

Doğma adamların ayrılıqları da

Doğma olur... Unuda bilmirsən...

 

Yol kənarında oturan uşaq

Əlində quru salfet uzadırdı,

Yanından keçənlərə-

Gözləri nəmli idi... 

 

Kimi unuduruqsa,

Həmişə onlar axtarır bizi...

 

 

Gəmi ömrü

 

Bu adam dolu şəhərin,

Hər yerində banklar var,

Hər yerində bankomat,

Bircə pul üçündümü?!

Bu qədər izdiham...

 

Hamı tələsir harasa,

Yollar tıxac, siqnal səsi

Bütün şəhərin içində

Ancaq ağaclardı

Tələsməyə yeri olmayan...

 

Metronun çıxışında

Limon satan qadınlar

Beşini bir manata satdığı limonla

Heç çay içibmi görən?!

 

Kitab mağazaları

Sükut içində

Oxuyurdu tənhalıq nəğməsini...

 

Dünya başını itirib,

Adamlar ümidlərini,

Bircə işıq dirəkləri

Mübarizə apara bilir

Qaranlığa qarşı...

Qalan hamı

Təslim olub...

 

Qurbağa səsində

Uzaqları yaxın edən

Keçmişlə bağlı

Nə düşündümsə

Hamısı məni xilas etdi

Peşmançılıqdan...

 

Atama, anama borcumu 

ödəyə biləcəm belə getsə,

təkcə bu banklara olan borcum

bitmir ki, bitmir...

 

 

Yaşamaq

 

Bir də görürsən ki,

ayaqlarınla yol getmirsən,

Səni aparan

əllərindi…

Ümidlərdən yapışıb

Yaşamağı öyrənirsən…

 

Bir körpə nə vaxtsa

mərmi səsini

unudacaq…

ancaq bütün səslərdən

qorxmamaq üçün

Nə qədər böyüyəcəksə,

Bir o qədər sükuta öyrəşməyəcək,

İçindəki sükuta…

 

Paxıl adamları incitməyin,

Azdırmı içində tikanlar bitirməyin

əzabları…?!

 

Hamı uzaqdan “yaxşı” görünür,

Bəlkə Allah da bizi uzaqdan “yaxşı” görür deyə,

Dünya hələ  dağılmır…?!

 

Müharibənin ölüm pəncəsindən gizlənən körpələr,

Allahın yer üzündə son ümidləridi bəlkə də…

Hər gün bir az da ümidsizlik çökür

Göyün üzünə…