Azər Qismət: “Azərbaycan ədəbiyyatında da, Azərbaycan filmlərində də ağılın zəfəri yoxdur, ağılın faciəsi var” Featured

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi yazıçı-jurnalist Azər Qismətlə görüşdürür.

 

 

 - Salam, Azər bəy,  zamana ayaq uydurmaq yazıçıya asandır, yoxsa çətin?

 

 -Tarix zamana ayaq uyduranları yox, zamanı qabaqlayan yazıçıları yaddaşında saxlayır. Yaddaşda axınla üzənlər yox, axına qarşı olanlar qalib gəlir. Məncə, zamana ayaq uydurmaq yerinə zamana beyin uydurmaq lazımdır. Yəni ki, zamanı formadan daha çox məzmunda qəbul etməliyik. Mənim üçün zamana uyğunlaşmaq çətindir. Henri Miller deyir ki, zaman xərçəngdir, arzuladığın hər şeyi yeyib bitirir. Bizim atalar sözlərimizdə ciddi nöqsanlar var. Kommunizm dərsliyinə oxşayır bəzi atalar sözlərimiz. Axına qarşı olma, axın istiqamətində ol. Palaza bürün, elnən sürün. Elnən gələn yas toy-bayramdır. Ayağını yorğanına görə uzat və s. Bu atalar sözləri kommunist ataların sözləri olub. Onların ideologiyasına uyğundur. Məsələn, "Ehtiyac qul edər qəhrəmanı da". Nə deməkdir bu? Niyə bizim qəhrəmanlarımız qul olmalıdır? Niyə biz güclü, iradəli, əzəmətli, nümunəvi obraz yarada bilmirik? Zaman həm də ona görə qəddardır ki, bir millətin təfəkkürünün 70 il ərzində necə dəyişildiyini göstərir. Azərbaycan ədəbiyyatında da, Azərbaycan filmlərində də ağılın zəfəri yoxdur, ağılın faciəsi var.   

 

- Ürək sözə baxırmı?

 

-Ürəyin həssaslığı insanı zamana uyğunlaşmaqdan məhrum edir. Beyin ürəkdən daha üstündür, çünki bütün orqanlarımız beyinimizə tabedir. Bu məsələyə dövlət fəlsəfəsi nəzərindən baxsaq, Napoleondan sitat gətirə bilərik. "Dövlət adamının ürəyi başında olmalıdır".  İnfarkt keçirəndən sonra anladım ki, tələsmək lazımdır, çünki zaman amansızdır. Hələ deməyə sözüm çoxdur. Demək ki, daha sürətli, daha intensiv olmaq lazımdır. Həyatımızı ürəyimizə tabe etsək, beyinsizliyin faciəsini yaşayarıq. Ürək sadəcə istəyir. Sadəcə istəmək azdır. Məsələ həm nə istəməkdir, həm də nəyi necə istəməkdir. İstəməkdə dilənçilik olmamalıdır. Burada istəmək dilənçi rolundadır, beyinsə qərar verir ki, nəyi istəmək olar və nəyi necə istəmək lazımdır. Məntiq və cəsarətin vəhdəti çox önəmlidir. İkisindən biri axsayanda insan uçuruma gedir. Ağılsız cəsarət də, cəsarətsiz ağıl da şikəstdir. Vəhdət qanunauyğunluğu pozulanda şikəstlik başlayır.

 

- Televiziyada aparıcılıq və yazıçılıq arasında düşünsək Azər Qismətə daxilən ən yaxın olanı hansıdır?

 

-Televiziya mənə daha yaxındır. Televiziya daha operativdir, daha sürətli düşünmə tələb edir. Əhvalından asılı olmayadaq efirə çıxmalı və kədərini tamaşaçıdan gizlətməyi bacarmalısan. Televiziya mənə daha çox təcrübə verdi, insanları tanımaqda, yeni obrazlar tapmaqda, novellalar yazmaqda mənə ciddi mənada təkan verdi. Televiziya da ədəbiyyatdır. Minlərlə süjet hazırlamışam. Onların hər biri bir novelladır, bir romandır, bir hekayədir. AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyev deyirdi ki, efir üfürdür. Yəni, qalıcı deyil. Əslində bəlkə hər gün hər süjetdə bir vizual novella yazıram. Ancaq xalqın arxivində əsasən kitablar, qəzetlər qalır. Həyat təcrübəmin artırılmasında və müşahidə qabiliyyətimin güclənməsində televiziyanın ciddi əhəmiyyəti var. Hazırladığın süjetə baxırsan, təhlil edirsən, sonra efirə verirsən. Bu ardıcıllıq ədəbiyyat sahəsində də peşəkarlığıma dəstək oldu. Süjetlər hazırlamağım sayəsində oxucuların əsərin hansı məqamında hansı sualları verəcəyini öncədən görə bilirəm. Bu da məndə televiziya gözünün olmasına görədir.

 

 - "Çuğullar", "Xanım taksi", "İlbizlər" kitablarınız çap olundu.  Oxucu marağı, kitab  mühiti ilə bağlı fikirləriniz maraqlıdır. Ürəyinizcə olan və olmayan şeyləri bölüşün, zəhmət olmasa.

 

- Kitablarıma, xüsusən də "Çuğullar" romanına olan ciddi maraq məni yaxşı mənada təəccübləndirdi. Kitablarımın satışından narazı deyiləm. "Oxucu yoxdur" fikri ilə razı deyiləm. Gənc nəsil elmə, sənətə, ədəbiyyata ciddi maraq göstərir. Sadəcə istərdim ki, oxucularda təhlil qabiliyyəti daha da təkmiləşsin. İstərdim ki, dünya gündəmini izləsinlər, sənətdən zövq ala bilsinlər, estetik təfəkkürləri zənginləşsin. 1-ci kurs tələbələri görürəm ki, Oruellin, Dostoyevskinin, Mopassanın əsərlərini oxuyurlar. İxtisas seçimində diqqətli olsunlar, peşə seçimi istiqamətində maariflənsinlər. Təbiətdən zövq almağı bacarsınlar. Təbiətdən zövq ala bilməyən gəncin daxili dünyası kasad olacaq. Mənəvi zənginliyin nə demək olduğunu anlamayacaq. Daim boşluq içində olacaq. Mənəvi boşluq həmişə onu təqib edəcək. Boşluq yoluxucudur. İnsanlar sevinc hissini, təəccüblənmək, heyrətlənmək qabiliyyətini ona görə itirir ki, həmin boşluqdan xilas ola bilmir. Mənəvi cəhətdən zəngin olmadığı üçün heç nədən zövq ala bilmir. Estetik təfəkkürün olmaması böyük bəladır. Mən istərdim ki, gəncliyimiz özünü bu bəladan qorusun. Bu ağır bəladan ən yüksək sürətlə qaçsın.

 

- Sosial şəbəkələrdə də çox aktivsiniz.  Sosial şəbəkələrin kitaba müsbət və ya mənfi təsirlərindən danışaq bir az da.

 

-Əksinə, sosial şəbəkə kitaba ciddi marağın formalaşmasında böyük rol oynayır. Bu gün feysbuk olmasa, çağdaş Azərbaycan ədəbiyyatının taleyi necə olar? Oxucu müəllifi sosial şəbəkədən tanıyır, statuslarını oxuyur. Əgər yazıçının fikirləri maraqlıdırsa, oxucu kitablarını da əldə edib oxuyur. Məhz o aktivliyin hesabına təqdimatlara gəlirlər, kitab imzaladırlar, müəlliflə şəkillər çəkdirirlər. Həm də sosial şəbəkədə aktivlik yaradıcılığıma mane olmur. Kitabımdan hansısa bir hissəni feysbukda paylaşıram və insanların reaksiyasını öyrənirəm. Gözəl olan odur ki, feysbukda dostluğumda olan insanlar səmimidir. Onların səmimiyyətinə inanıram. Bizim cəmiyyətimizdə səmimiyyət çatmır. Allaha ona görə minnətdaram ki, qarşıma səmimi insanlar çıxarır. Ən ağır halında belə təbəssümünü itirməməlisən. Təbəssüm insana hüzur gətirir. Bu səbəbə görə həmişə insanlara deyirəm ki, gülümsəyin. İnsanın təbəssümü, gülüşü onun psixologiyasının, xarakterinin təzahürüdür. Hər kəs necə gülürsə, o cür də düşünür. Hadisələrə o cür də qiymət verir.

 

-Televiziyada çalışan bir yazar kimi bu gün televiziya və ədəbiyyat arasında, kitab arasında olan bağ sizi qane edirmi? Bu yöndə nələr etmək effektiv olar?

 

-Televiziyada ədəbiyyatın təbliği üçün milli burjuaziyaya ehtiyac var. Elita ədəbiyyata, sənətə dəstək olmalıdır. Nitsşe deyir ki, gücün müdafiə etmədiyi həqiqət ölümə məhkumdur. Elitanın dəstək olmadığı  sənət də ölümə məhkumdur. Ancaq bütün çətinliklərə rəğmən müasir ədəbiyyatımız  oxucuların hesabına inkişaf edir. Televiziya ilə ədəbiyyat arasında ciddi mənada bağlılıq olmalıdır. Kapitalizm dünyasında yaşayırıq, dövrün şərtləri ağırdır. Ədəbi verilişlərə sponsor tapmaq olmur. Pessimist olmamalıyıq, çalışmaq, mübarizə aparmaq lazımdır. Xarici ölkələrdə şirkət sahibləri, varlı adamlar ədəbiyyata, mədəniyyətə dəstək olmağı ciddi mənada prestij hesab edirlər. Onlar bilir ki, tarixdə pulla, şirkətlərlə deyil, mədəniyyətə, sənətə dəstək olduqları üçün qalacaqlar. Sənət sahələri daim  elitanın dəstəyinə, nüfuzuna möhtacdır. 

 

-Yaradıcı gənclərlə də ünsiyyətiniz sıxdır.  Gənclərlə anlaşmaq sizə asandırmı?

 

- Gənclərlə ünsiyyət daha maraqlıdır. Gənclər daha səmimi, daha interaktivdirlər. Müasir təhsilin əsas tezisi budur: öyrədərək öyrənirəm, öyrənərək öyrədirəm. Qarşılıqlı bilgi mübadiləsi gənclərlə ünsiyyətdə daha yüksək səviyyədə olur. Həm də gələcəkdə gənclər haqqında əsər yazsam, çətinlik çəkməyəcəm. Çünki gənclərin maraqlarını bilirəm. Gənclərin hadisələrə münasibəti daha praqmatikdir. Hər yeni nəsil əvvəlki nəsildən daha bacarıqlı, daha ağıllı, daha praqmatik olmalıdır. Nəsillərarası ziddiyət inkişafa səbəb olur. Biz bu mübarizədən qorxmamalıyıq. Gənclərə azadlıq verməliyik. Əsarət altında qalan arzular problemlər yaradır. Gəncliyə inanmaq, şərait yaratmaq, şans vermək dövrün ən ali tələbidir.

 

-Kimlərin yaradıcılığını izləyirsiniz?

 

-Kollektiv halda çəkilən şəkildə hər kəs özünü axtardığı kimi  müsahibələrdə də bəzi yazıçılar öz adlarını axtarırlar. Bu səbəbə görə də ad çəkmək istəmirəm. Ancaq istedadlı gəncliyimiz var. Ümumiyyətlə, izləmək çətin sözdür. Yaşantıları olan, ciddi müşahidə qabiliyyətinə malik bütün müəllifləri oxuyuram. Fikirlərimi də müəlliflərə bildirirəm. Tənqidə səmimi  münasibət bəsləmək gözəldir. Söhbət əlbəttə ki, obyektiv tənqiddən gedir. Tənqid etməzdən əvvəl tənqidin xüsusiyyətlərini bilmək lazımdır. Tənqid həm də alternativ yollar təklif etməkdir. Nəsə səni qane etmirsə, təkcə tənqidlə baxmaq kifayət etmir. Həm də alternativ variantlar təklif etmək lazımdır.

 

- Sizcə, Azərbaycan mətnləri irəlidəki zamanlarda dünyaya çıxa biləcəkmi?

 

-Dünyanı gözümüzdə çox böyüdürük. Azərbaycan ədəbiyyatında yetərincə maraqlı ədəbi, estetik səviyyəsi yüksək mətnlər var. Bu mətnlər dünya üçün maraqlıdır. Ümumiyyətlə, dünya ədəbiyyatına çıxmaq nədir? Bu, pilləkən deyil ki, çıxasan, ya düşəsən. Yazıçının işi yazmaqdır da. Bacardıqca yaxşı yazmaq. Dünya ədəbiyyatında təmsil olunmaq üçün milli təfəkkürə malik milli burjuaziya olmalıdır. Ədəbi agentliklər qurulmalıdır. Kitab sənayesi düzgün təşkil olunmalıdır. Ədəbiyyat sahəsi üzrə prodüsserlər lazımdır. Yuri Polyakovun "Süddə çəpiş" əsərində bir insandan necə bir yazıçı yaratmaq olar sualına cavab tapa bilərik. Məhsul istehsal olunduğu kimi yazıçı da istehsal etmək olar. Bəlkə də, sərt görünür bu fikirlər. Ancaq reallıq budur. Yazıçını yaratmaq lazımdır. Burada mühitin böyük rolu var. Sutkanın bir neçə saatını tıxacda keçirən yazıçının beyni də tıxacda qalır. Sıxılır, ruhən sarsılır. Bu, sadəcə beyinə təsir edən hallardan biridir. Bu cür hallar çoxdur. Ədəbi mühitin formalaşması üçün çox ciddi amillər var. Təbiətə hörmət olunmayan coğrafiyalarda böyük yazıçılar yetişirmi? Xalqın psixologiyasını həm də onun təbiətə münasibəti müəyyən edir.

 

-Bizim soruşmadığımız, sizin demək istədiyiniz?

 

-Verilməyən suala cavab vermək çətindir. Çətinlikləri aşmaqdan yorulmuşam. Ürəyim deyir ki, kəsə yolla get. Hərçənd, kəsə yolun da öz çətinliyi var.