Bu gündən etibarən Respublika Gənclər Kitabxanasının “Nəşrlərin satınalınması” müsabiqəsi başlayır

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması” müsabiqəsi elan edir.

 

Bu müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaq.

İştirakçılar tərəfindən nəşrlər mayın 10-dək komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilməyəcək.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergiödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

Aprelin 8-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərarlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

Təsdiq olunmuş yekun protokola əsasən, nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.