“Qorxudan, sənə yuxumu danışmadım” – Səadəs Sabahın şeirləri Ümid Nəccarinin tərcüməsində Featured

“Ədəbiyyat və incəsənət” portalı şair-tərcüməçi Ümid Nəccarinin tərcüməsində küveytli şairə Səadəs-Sabahın şeirlərini təqdim edir. Səadəs-Sabah (Səad Məhəmməd Sabah) həm də nasir, tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Məni rahat oxu

 

Məni ərəbcə kimi 

sağdan sola oxuma.

Məni latın dili kimi

soldan sağa oxuma.

Məni çin dili kimi

yuxarıdan aşağıya oxuma.

Məni çox rahat oxu, 

Günəş yaşıllığı,

Sərçə çiçəyin kitabını oxuyan kimi...

Sən eşqi qohumluq məsələsi kimi bilməyən

birinci aydın düşüncəli...

yatağı danışıq üçün kürsüyə çevirməyənin birisisən...

bilirəm,

mən sənin həyat üçün birinci qadının

amma hər gün bizimlə birlikdə qəhvə içən İblis

məni həvəsləndirir,

səndən soruşam ki,

ikincisi kimdir?? 

 

Bir kişini tanıyıram 

 

Dünyada olan kişilər sırasında

Keçmişimi iki yerə bölən bir kişini tanıyıram.

Məni öz quluna çevirən birisi,

Məni azad edən, 

Toplayan,

Ayıran,

güclü əllərinin arasında gizlədən birisini tanıyıram.

Dünyada olan kişilər sırasında

Bir kişini tanıyıram,

Yunan Tanrılarına bənzər,

Gözlərindən şimşəklər işıldayan

Ağzından yağışlar yağan...

 

Bir kişini tanıyıram, 

Ormanlığın sonunda nəğmələr oxuyanda

Ağaclar arxasınca yeriyərlər...

 

Dostum ol

 

Vaxtaşırı ürəyim səninlə yaşıllıqların üzərində

yerimək istəyəndə,

səninlə şeir kitabı oxumaq istəyəndə,

səni dinləmək istəyəndə,

mən xoşbəxt bir qadına dönürəm,

Ey şərq kişisi,

Nədən mənim üzümə valeh,

Nədən gözümün sürməsini görürsən?

Ağlımı görmürsən...

Və mən bir yer misali

Suyun danışığına möhtac

Nədən mənim qızıl qolbağımı görürsən?

Nədən səndə bir hökmranlıq var?

Dostum ol mənim, 

Dostum ol...

 

Eşq

 

Eşq bir çevrilişdir

Can mayasında

Cəsarətli üsyandır

əşyanın düzümünə…

və səndə olan vəcd

təhlükəli vərdişdir,

ondan can qurtarmağın yolunu bilmirəm ki…

və sənin eşqin

böyük günahdır…

arzu edirəm,

arzu edirəm ki, 

heç zaman bağışlanmasın!

 

Yuxu 

 

Dünən gecə bir yuxu gördüm

Sənin gözlərində üzən

bir balıq olduğumu gördüm...

Qorxudan, sənə yuxumu danışmadım

Qorxdum ki,

Yumarsan gözlərini,

mən boğularam...

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.