Tanınmış azərbaycanlı yazar vəfat edib

Rza Bərahəni Torontoda (Kanada) vəfat edib. Bu barədə onun oğlanları Oqtay və Arslan Bərahəni sosial mediada məlumat veriblər. 

Bəlkə də çoxları Bərahəninin  yaradıcılığına bələd deyil. O, 1935-ci ildə Təbrizdə doğulub. Azərbaycan türküdür. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rza Bərahəninin vəfatı ilə bağlı tanınmış Azərbaycan ədibi Firuz Mustafa belə söyləyib:

-Mən Rza bəylin yaradıcılığı ilə çoxdan tanışam. Təbrizdə əksər evlərdə Şəhriyarla yanaşı onun fotolarını da görmüşəm. Rza bəylə cəmi  bir dəfə AYB-də görüşmüşəm. O görüş Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə baş tutmuşdu. Amma onunla sosial şəbəkədə uzun müddət yazışmışam. Çox səmimi, doğma, duyğusal bir insan idi. Qərb ölkələri onun əsərlərini çox qiymətləndirirdi. Kanadada PEN klubun rəhbəri idi. Dünyanın bir neçə universitetində ingilis dilində mühazirələr oxuyurdu.  O, nəsr əsərlərini fars dilində yazırdı.  Seirlərinin bir qismini Azərbaycan türkcəsində qələmə almışdı. Vətənimizi çox sevirdi.  O, çox böyük nasir idi. Bir neçə dəfə Nobel mükafatına təqdim edilmişdi. Azərbaycanın müstəqilliyini, Krım tatarlarının bağımsızlığını öz yazılarında müdafiə etmişdi. 

Allah rəhmət eləsin!