“Son ağrı həmləsi, son sancı basqısı gəldi. Sonra xırıltı...” - Varisin “Qırmızı ləçəklər”i Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Heydər Əliyev Fondunun “Xocalıya ədalət” təbliğat kampaniyasının xətti ilə nəşr edilən və xarici dillərə çevrilərək yayılan Varisin “Qırmızı ləçəklər” romanından bir parçanı oxucularına təqdim edir.

 

***

Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdirmi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir?

Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikrən, ruhən gələcəyə, ilğımlara, illüziyalara köklənir.

Və bir gün də həyat yolunun son döngəsini dönəndə əliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş.

Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik.

 

*** 

 

Fevralın 25-i Xocalıya elə bir qar yağmışdı ki, ilk təəssürat torpağın, ağacların, evlərin hasar və damlarının bu ağırlığında yükü çəkə bilməyib bu dəqiqə çökəcəkləri idi.

Səhər saat 9 tamamda Xocalı aeroportunun şəxsi heyətini və hərbçiləri yığaraq Əlif iclas keçirdi. Binanın içi də çölü kimi soyuq idi. Pəncərədən sırsıralar görünürdü, içəridəkilərin ağzından buğ çıxırdı.

– Bu gün, ən yaxşı halda sabah erməni dəstələri 366-cı sovet alayı ilə birgə Xocalıya hücum edəcək, əlimizdə səhih məlumat var. Biz həm aeroportun müdafiəsini təşkil eləməliyik, həm də düşmənin mövqeyini və sayını aşkarlamaq üçün kəşfiyyat qrupu yaratmalıyıq.

Əlif bunları söylədi, gərginliyi aradan götürmək, hamıya ürək-dirək vermək üçün onu da söylədi ki, heç fikir eləməyin, Allah qoysa, müharibə də qurtaracaq, subaylara toy da edəcəyik, ev də tikəcəyik.

Günortaya yaxın ermənilərin haradan və necə hücum edəcəkləri haqda artıq müfəssəl bilgiləri var idi. Əsas baza Həsənabad dərman-gübrə anbarının ərazisində idi. Mehdikənd ferması ərazisində ikinci, Daşbulaq şitilliyi ərazisində isə üçüncü bazaları yerləşirdi, cəmlənmiş hərbi texnika çoxsaylı tank, ZTR və PDM-lərdən, qrad atan qurğulardan ibarət idi. Hətta PDM-lərin sayı 200-ü, tankların, eləcə də artilleriya qurğularının sayı 100-ü keçmişdi. Çox qorxunc rəqəmlər idi.

Növbəti dəfə həm Əlif, həm də yerli özünümüdafiə batalyonunun komandiri Bakıya, Ağdama, Şuşaya müraciət edərək kömək istədilər. Telefonçu Gülşən xanım (Əlifin böyük qardaşı Süleymanın həyat yoldaşı) poçt idarəsində nömrə yığmaqdan, Xocalını Bakı ilə calamaqdan yorulub əldən düşmüşdü.

Mühasirə get-gedə daralır, erməni hərbçiləri tədricən irəliləyirdilər.

Daha bir xəbər gəldi ki, artıq ermənilər və 366-cı alay hücum əmri alıb.

Bir anda hamının damarlarında qanı dondu. Barı bir qədər möhlət verilsəydi, yenə bəlkə nələrsə etmək mümkün olardı...

Saat 17 radələrində Horayuk, Mehdikənd və Həsənabad kəndlərindən "Alazan" və "Kristal" tipli raket qurğuları ilə, iriçaplı pulemyotlarla Xocalı atəşə tutuldu.

Güllə vıyıltıları və mərmi partlayışları qorxu, vahimə gətirəcək intensivliklə bir-birinə qarışaraq ətrafı öz əsarətinə almışdı.

Bu yandan Əlif aeroportu müdafiə edənləri, o yanda Tofiq qəsəbənin müdafiəçilərini "indicə kömək gələcək, biz güclənəcəyik" deyə ürək-dirək verərək ayaqda durmağa səsləyirdi. Camaatı isə qəsəbədən çıxarmaq lazım idi.

Daha bir saat keçmiş mühasirə halqası artıq yarım kilometrə qədər daralmışdı. Səsləri aləmi başlarına götürmüş içkili, sərxoş sovet hərbçiləri və onlara komanda verən saqqallı erməni yaraqlıları açıq-aydın görünməkdəydi.

Güllə yağışı lap şiddətlənmişdi, qəsəbəni çığırtı, ağlaşma səsləri başına götürmüş, bu səs hürüşən itlərin və böyürən mal-qaranın səsinə qarışaraq vahiməli bir küy yaratmışdı.

Müdafiəçilər zirzəmilərdə gizlənən qadınları və uşaqları haraylayırdılar ki, qaçın, canınızı qurtarın, budəfəki gülləbaran əvvəlkilərə bənzəmir, bu nədisə başqa şeydir.

Özünümüdafiə dəstəsinə Xocalının bütün kişiləri, hətta qocalar, yeniyetmələr də qoşulmuşdu, səngər qurub primitiv silahlarla düşmənin hücumunu dəf etməyə hazır dayanmışdılar. Hamısı əzmli, qətiyyətliydi. Amma qüvvələr nisbəti qeyri-bərabər idi. Haraya kimi duruş gətirəcəkdilər, – bəlli deyildi.

Hava qaralanda xof və vahimə də artdı.

Saat 21.30-da aeroport top atəşinə tutuldu, piyadalar hücuma keçdilər.

Nə etsinlər? Vəziyyətdən necə çıxsınlar?

Əlif komanda verdi ki, düşmənin canlı qüvvəsi 80-100 metrlik məsafəyə kimi yaxına buraxılsın, sonra atəş açsınlar.

Belə də oldu. Hücum edənlər itki verib geri oturdular. Növbəti dəfə aeroport zirehli maşınlardan uzun müddət atəşə tutuldu, piyadalar yenidən hücuma keçdilər. Yenə də Əlif və dəstəsi cavab atəşi ilə düşməni geri oturtdu.

Arxada qəsəbə od tutub yanırdı.

Top, güllə səsi, qadın-uşaq imdadı ürək dağlayırdı.

Yaşlı atası orada idi, qardaş-bacıları ailəlikcə orada idilər, görən, qaçıb canlarını qurtara biləcəkdilərmi?

Daha bir qədər keçmiş hücum edənlər artıq qəsəbəyə doluşmuşdu, aeroport da üç tərəfdən mühasirədə idi. Yalnız uçuş zolağı boş idi. Ora açıqlıq olduğundan düşmən inanmırdı ki, müdafiəçilər mühasirəni oradan yara bilərlər.

Əlif qərar verməli idi, sonadək burada qalıb müdafiə olunmaq boşunaydı, arxada köməksiz insanlar ölümlə üz-üzə qalmışdılar, onları çıxarmaq lazım idi.

O, "Aeroportu tərk etməliyik, camaatı xilas eləmək lazımdır", – deyə komanda verdi. Döyüşçülərinə buradan salamat çıxmağın yolunu başa saldı.

Aeroportda həm çox qiymətli sənədlər var idi, həm də olduqca strateji əhəmiyyətli obyektin düşmənin əlinə keçməsinə imkan vermək köklü səhv olardı.

Əlif dispetçer pultunu partlatmaq qərarına gəldi. Ani olaraq kino lenti kimi bura təyinat alması, ilk iş günü, necə nizam-intizam tətbiq etməsi, necə yeni texnikalar gətirtməsi gəlib gözünün önündən keçdi. Bura onun eviydi, yurduydu, gününün böyük əksəriyyətini məhz burada keçirərdi, hər bir daşa, dəmirə, əşyaya üzü-gözü öyrəşmişdi. Nə sərt qanunları varmış müharibənin. Səni öz yuvanı öz əllərinlə dağıtmağa vadar edəcək qədər sərt.

Kövrəldi, gözləri doldu.

"Mixaylo kimi olmaq istəyirdin. Bu da Mixaylo. Onun kimi sən də partladırsan" deyib partlayıcı qurğunu qoşdu, işə saldı.

Özünü uçuş zolağına atıb getməkdə olan döyüşçülərinin ardınca şığıdı.

Bir an keçmədi, dəhşətli partlayış səsi eşidildi.

Partlayış səsindən diksinən düşmən yeni partlayışların olacağı qorxusu ilə bir anın içində uçuş zolağı ilə qəsəbəyə doğru çəkilən müdafiəçilərin mühasirəni yarmasının qarşısını ala bilmədi.

...Əlifgil qəsəbəyə yetişdilər. Evlər yanırdı. Amma küçələr boş idi. İnsanlar çıxmışdı.

Əlif qaçaraq öz evlərinə də yetişdi, ev boş idi, atasının evdən çıxmasına əmin oldu.

Dərələyəz tərəfdə körpünün altında gördülər qəsəbə camaatının bir hissəsini.

Çaş-baş qalmış, panika içində olan, üstəlik də qılınc kimi kəsən şaxta əhdini kəsdiyi əhali Əlifi və onun dəstəsini görüb sevinc içində onlara tərəf cumdu. Biri qucağındakı körpəsini Əlifə uzatdı ki, qurban olum, balamı xilas elə!

Gözləri atasını axtardı, amma tapa bilmədi.

İndi vaxt itirmək olmazdı, hamı onunçün ata idi, ana idi, qardaş-bacı, övlad idi.

– Şelli istiqamətində çıxarmaq lazımdır camaatı. Biz öndə gedib yol açaq, onlar ardımızca gəlsinlər, – deyə Əlif komanda verdi.

Qucağında bir uşaq, qoltuğunda da bir qoca qadın Əlif keçilməz qarlı yolla irəliləyir, hamını ardınca aparırdı...

Səhər saat altı radələrində artıq bir dəstə insanı Ağdama keçirə bildilər.

Əlif qışqırdı:

– Qartallarım! Biz geri qayıdırıq, qalanları da çıxartmalıyıq.

Dizə kimi qar vardı, təbiət də insanların qəsdinə durmuşdu.

İkinci dəfə qayıdıb camaatı Sarıqaya çayından adlamaqla Kətik meşəsi ilə keçirmək məcburiyyətində qaldılar. Gülablıdan Ağdama keçmək idi məqsədləri.

Düşmən Şelli istiqamətini də tutub oradan güllə yağdırırdı.

Əlif ayağından yaralandı. Jqutla sıxıb qanın axmasını dayandırdı, ağrı içində yoluna davam etdi.

Təbiət niyə zalımdır? Gərək elə bu günmü bu dizdən yuxarı qarı yerə ələyəydi? Bu qiyamət nəydi belə?

Əlif atasını tapmışdı. Ona qarda irəliləməyə kömək etmək istəyirdi, amma atası razılıq vermirdi, deyirdi, qadınlara kömək et, məndən narahat olma.

Çay qurşaqdan yuxarı idi. Bu şaxtada suyu paltarla keçmək – donub ölmək riskini göz altına almaq demək idi.

Bununla belə, heç kəs həya edib soyunmadı.

...İkinci insan dəstəsini keçirəndən sonra Əlif üçüncü dəfə geri qayıtmaq əmrini verdi.

Bələdçilik bura kimi idi.

Buradan o yana adamlar özləri getməliydi.

Ata-oğul qucaqlaşdılar.

Ay Allah, bu nə xoş hisslər idi, doğma atanın əlləri sənin kürəyində gəzsin, sonra saçlarını qarışdırsın. Otuz səkkiz ildə niyə bu xoş hissləri təkrar-təkrar yaşamamışdı? İş-güc, daim evdən uzaqda olması heç imkan verməmişdi bu doğma insana vaxt ayırsın, onu bax bu cür qucaqlasın, qoxusunu hiss etsin, yanğılı səsini dinləsin.

Əlif dedi:

– Özündən muğayat ol, ata. Allah amanında.

Lətif kişi qəhərləndi:

– Kaş gözüm yaxşı görəydi. Əlim də əsməzdi! Bir silah götürüb sənə yoldaşlıq edərdim.

Və ayrıldılar.

– Haydı, qartallarım! Geri qayıdırıq!

Əlif səsindəki qəhəri gizlədə bilməyərək döyüşçülərinə səsləndi.

Artıq arxadan düşmənin nəfəsi belə duyulurdu, bu, aşkarcasına ölümə getmək idi. Asif onun qarşısını kəsdi:

– Biz insanları çıxartdıq. Orada bir-iki adam qalıb, ya qalmayıb, bilmirəm. Amma ora dönmək intihara bərabərdir. Sən milissən, mənsə Əfqanıstanın odundan keçmiş hərbçi. Müharibənin öz qanunları var. Sən axıradək döyüşdün. Sən yüzlərlə insanı ölümün pəncəsindən qurtardın. Müharibə hələ bitməyib. Hələ qarşıda sabahlar var, bugünün intiqamını almaq var. Sən yaşamalısan. Qoymayacam geri qayıdasan!

Əlif onu kənara itələyib çığırdı:

– Mən əmr edirəm, geri çəkilirik, əhalinin xilasını davam etdiririk!

Sonra gözləri dolmuş halda dedi ki, Asif, Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir.

Hamısına dedi, əmr dəyişib, siz qayıtmayın, gedin camaatın ardınca, mən tək qayıdacağam.

Bir göz qırpımında meşənin dərinliklərinə doğru yönəldi. Asif də onun dalınca götürüldü, ancaq sıx meşədə onu gözdən itirdi.

Kətik meşəsinin hər cığırına bələd idi Əlif, hansı yol hara aparır, gözəl bilirdi. Qar irəliləməyə mane olurdu, uzunboğaz çəkməsinin içinə dolub ayaqlarını buzlatmışdı, güllə yarası çox pis göynəyirdi, əlcək taxsa belə bəzən qarı xışmalayıb özünə yol açması zərurətindən yaş əlcəklərin içində keyimiş barmaqlarına sanki iynə soxurdular.

Geriyə güllə yağışının altında qayıdırdı. Həm addım-addım Xocalıya yaxınlaşırdı, həm də atəşə atəşlə cavab verməklə müdafiə olunurdu.

Talaya adladı.

Beş-altı nəfər döyükə-döyükə qalmışdı, imdad diləyirdilər.

Onlara "Gəlin ardımca", – söylədi.

Bu dəfə qəsəbədən çıxmağa macal tapmamış adamları Naxçıvanik tərəfdən çıxarmağı planlaşdırmışdı. Avtomatı çevirib dörd səmtə atır, dalınca gələn adamlar üçün yol açırdı.

Patronları qurtardı. Avtomatın darağını çıxarıb patron dolduranda güllə vıyıltılarına tuş gəldi. "Az qaldı, bir az da döz", – deyə öz-özü ilə danışaraq darağı doldurub yerinə taxırdı ki, qolundan sancan ağrı və bir anda içini yarıb irəliləyən həmlə hiss etdi, sonra ağrı kütləşdi, dəhşətli bir yanğı içini yandırdı.

Arxası səmtə səntirlədi, yıxıldı. Yıxılanda hiss etdi ki, koldumu, ağacdımı, nədirsə, kürəyi ona dəydi. Ani olaraq gözünü açıb gördü ki, bu...

Bu...

Səni lənətə gələsən. Bu nə sehr idi, nə inanc idi, nəydi belə.

Qırmızı başınağacı.

Bu meşələrdə, deməzsənmiş, qırmızı başınağacı da bitirmiş. Niyə indiyə kimi bundan xəbəri olmamışdı?!

Bir əli başınağacının budağı boyunca sürüşüb yerə gəldi.

Yarpağını töksə də, ilk dəfə Baranoviçidə görəndə yaddaşına həkk olunmuş kiçik ağacı tünd gövdəsindən, sarmaşıq kimi şaxəli olan budaqlarından dərhal tanımışdı.

– Sevən ona toxunaraq öz sevgi etirafını edirsə, söylədiyi başınağacının yaddaşına yazılır, həmin başınağacı da məsafəsindən asılı olmayaraq bu etirafı digər başınağacıya ötürür. Nəticədə bu gün bir sevənin bir ağaca etdiyi etirafı illər sonra digər ağac digər sevənə çatdıra bilir...

Dodaqlarına təbəssüm qondu. İçindən son pıçıltısı gəldi, dedi, qırmızı başınağacı, mənə Çiçəyimin sevgi etirafını çatdırmaq istəyirsən, bilirəm...

Gözləri alacalandı. Yerə – qarın üstünə qırmızı gül ləçəkləri səpilmişdi?!

Əlini çətinliklə tərpədib onlara toxunduranda al-qırmızı rəng ağ rəngin üzərinə yayıldı, başa düşdü ki, bu, yarasından sızan qanıdır.

Uzaqlarda günəşli bir yay günü var idi, buraxılış gecəsinə gəlmiş məktəblilərin arasından sarı donlu bir qızcığaza əli ilə "bura gəl" işarəsi verən bir milis var idi... Sonra bu milislə o qızın küçələr boyu əl-ələ verərək şən qəhqəhələrlə irəliləməsi, bir-birini qovub tutması, bəxtəvər-bəxtəvər baxışması var idi. Sonra o qızın küsüb avtobusla getməsi, o milisin avtobusu saxlayıb içəridəkilərdən üzr istəyərək qızdan barışmalarını xahiş etməsi, onu gül yağışına tutması var idi, sonra onların idman arenalarında bir-birilərini qucaraq qələbələrə sevinmələri var idi. Sonra da onların ağ gəlinlik libasında gəlinlə qara kostyumlu bəyə çevrilmələri, bir gözəl gündə gəlinin qucağında körpəsi doğum evinin pəncərəsindən sevdiyinin ləçəklərdən yazdığı "Sevirəm" kəlməsinə tamaşa etməsi, yamyaşıl dağların, gömgöy çayların əhatəsindəki cənnətməkan bir guşədə çayda çimməkləri, günəşi qarşılamaları...

Son ağrı həmləsi, son sancı basqısı gəldi...

Sonra xırıltı...

Və nəhayət, əbədi zülmət...