“Qaragünnüm, mən öləndə asta-asta ağlayarsan” - Ramiz Qusarçaylının yeni şeiri

 

Dərdini dəmə qoyarsan

 

Qaragünnüm, mən öləndə

Asta-asta ağlayarsan.

Nazlı-nazlı sızlayarsan,-

Usta-usta ağlayarsan.

 

Payız-payız çənləyərsən,

Yarpaq-yarpaq dənləyərsən,

İlğım-ilğım inləyərsən

Bəstə-bəstə ağlayarsan.

 

Söz də bağdı,-yaşıl, sarı,

Öz rəngi var, öz çaları,

Yarımçıq əlyazmaları

Dəstə-dəstə ağlayarsan.

 

Səsini bəmə qoyarsan, 

Bir sarı simə qoyarsan,

Dərdini dəmə qoyarsan

İsti-isti ağlayarsan.

 

Bu nə sirdi, nə tapmaca,

Ürəklər bir, dillər haça,

Viran eşqi baca-baca

Tüstü-tüstü ağlayarsan.

 

Getdi gülün-otun seyri,

Baş daşımda ölüm şeiri,

Süzüb məni əyri-əyri

Yastı-yastı ağlayarsan.

 

Qaragünnüm, mən öləndə

Asta-asta ağlayarsan.

Nazlı-nazlı sızlayarsan,-

Usta-usta ağlayarsan.