“Göyə çöp daşıyan bir quşam, ana” - Əlizadə Nuri

 

“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin yeni şeirini təqdim edir. 

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Bu sel quruyarmı günəşə sərsəm?

Sən qədim mövzusan, təzə əsərsən.

Dünyanın ən qoca ağacı sənsən,

Mən də o ağacda koğuşam, ana.

 

Qanadım var idi, qırıldı bu gün,

Sonuncu ümid də vuruldu bu gün...

Dərd mənə qalxınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana.

 

O dağlar uludan uludu, sənsən?!

Bəlkə danışdıran bu udu, sənsən?

Bəlkə göy üzünün buludu sənsən-

Mən səndən tökülən yağışam, ana?

 

Sənin haqq bildiyin haqq-hesab imiş...

Ölüm-iynə imiş, ömür-sap imiş.

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..