“Bir şeirin hekayəti"ndə Əkbər Qoşalı, “Gözlərim yol çəkir” Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Bir şeirin hekayəti" adlı rubrikamızın qonağı:

... Deyirdim, nə geyər bu gün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü ağ olmuş,

Kəməri, çantası qıpqırmızıydı. - söyləyən Əkbər bəy Qoşalıdır.

 

Xoş gördük, dəyərli şairimiz! Bir bənd söylədiyim “Həsrətin hekayəti" adlı şeirinizdən idi. Rubrikamızın şərtlərinə görə şeirlərinizdən birinin yaranma tarixinə nəzər salmalıyıq.

İstəyirik ki, oxucular öz şairlərinin "sirli dünyasına" az da olsa səyahət edə bilsinlər.

Dəyərli Əkbər bəy, bizə " Bir şeirin hekayəti"- ni söyləyin.

 

-“Gözlərim yol çəkir” şeirinin hekayətini söyləyirəm. 

 

GÖZLƏRİM YOL ÇƏKİR

 

Bəlkə də, bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol...

 

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu - qələm, bu - kağızdı,

Özləri qol çəkir, qol...

 

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol...

 

Bir şeir necə yaranır? İlginc sualdır. Şeir yaranırmı, yaradılırmı, yaradırmı? – Bəlkə də, bu sualların hamısına müsbət cavab vermə haqqımız vardır. Çün, şeirdir, bu, şeir!..

 

Mən bu şeiri COVİD19 pandemiyasına görə qəti və sərt qapanış dönəmində - 2020-ci ilin yayında yazmışam. O günlərin havası, ortamı bir başqaydı. Açığı, ikidən-birdən yaşamamışdıq, bizimçün qəribə təcrübəydi və bu qəribəlik hər kəsdə bir cür təzahür edirdi. Mən həmin qapanış dönəmində günlərlə şəxsi kitabxanama və özümə çəkilmiş olurdum. Bununla belə, kitab-dəftər, şəkil, rəsm, ekran seyri... deyərkən, aradabir kiminləsə zəngləşmək, dərdləşmək keçməzdimi könüldən?.. Bir də baxırdın gözlərin yol çəkir, yol çəkir... Və nə gələn var-nə gedən... Üstəlik, o günlərdə hələ torpaqlarımız işğal altındaydı, mənim böyük oğlum da hərbi xidmətdəydi, özümüz işə çıxmırdıq və s. 

Ayaq getmir, ancaq ürək gedir axı... Kimsə gəlmir ancaq duyğu, düşüncə, fikir gəlir axı... Bax, o ovqatın, o günlərin şeiridir bu...

O günlərdə sanki keçmişdən qalaqlanıb qalmış işlərdə bir səliqə-sahman yaratmaq, heç olmazsa, yazı-pozuma, arxivimə, kitab-dəftərimə nizam gətirmək istəyirdim. Kitab-dəftər deyirsənsə, duyğu, düşüncə, fikir deyirsənsə, söz, dil, yazı... qayğısı da şahə qalxır... Və təbiətdə, insanda, mədəniyyətdə, mənəviyyatda mövcud olanlarla çatışmazlıqlar arasında, bir sözlə, özünlə kainat arasında bir bağ qurmaq istəyirsən... Dışarı çıxmaq qadağandır, COVİD19 adlı bir qeyri-müəyyən bəla dünyada tüğyan edir, bu yandan da öz dünyan çalxalanır, sakin olmur ki olmur... Rəhmətlik Vaqif Səmədoğlu demiş,

“Millət, dövlət zirvəsindən

İnsana enmək vaxtıdır” düşünürsən gah, gah da elə milləti, dövləti düşünürsən...

Bəlkə də bir gələn var – gəlmir yaxud bizə gəlmir... O gələ-gələ gəlməyən də bir yerdə yol gözləyir yəqin... Gözlər ha orda, ha burda – illa yol çəkir, yol çəkir... Amma nə olsun? – Nə gələn var, nə gedən... Eynən ölü dillər kimi olur adam... – Sanki bu dəfə sözlər yol çəkir, sözlər özü...

 

Bəs Yer üzü beləykən Ulu göy üzü nə “düşünür” görəsən?... İnsanoğlu üzü göy üzünə sarı nə düşünürsə duaya, alxışa çevirir... Dua qalxandır – qoruyur, alxış qılıncdır – kəsir...

Yenidən öz dünyanla dünya arasında bağa baxırsan, təzada baxırsan, uyğunluq görürsən, uyğunsuzluq görürsən... Bir də görürsən ki, qələm kağıza endi, şeir yarandı...

 

O zamanlarçün Şuşaya gedə bilməmək vardı, bu yetməzmiş kimi, bir də heç öz doğulduğum Qoşaya gedə bilməmək vardı... Bəzən heç evdən küçəyə çıxa bilmirdik... Uzaq olsun!  

Uzaq yolumuz təngiyirdir o vaxtlar... Rəhmətlik Hamlet Kazımoğlu demiş, “Qollarım gücümdən ağrıyır mənim” durumunda - qərib iqlim qurşağındaydıq... Sağ gözümüz səyriyirdi, sol yanımız ağrıyırdı...

 

İntizar və inam, həsrət və dözüm, çölüm və özüm... – Belə düşüncələrə dalmalarım, bir cür qərib hallarım vardı o günlər... Məgər bir neçə günə Tovuz döyüşləri olacaqmış, ondan bir neçə həftə sonra Vətən müharibəsi olacaqmış... Ruhumuza nələrsə damırmış məgər... nələrsə agah olurmuş...

Bax, bu şeir o “ruha damanlar”dan yaranıb...

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)