Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “Hər şey xəbərdi!” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.

 

Əli Cavadpur

Təbriz

 

HƏR ŞEY XƏBƏRDİ!..

 

Hər şey xəbərdi,

Hər şey xəbər qədərdi.

 

Yalavaclıqdan baş götürüb

Gəmilərə təpilən mühacirlər

Hər gün qırılmaqdadır.

-Bir xəbərdi.

Havanın soyuqluğu neçə gün davam edəcək.

-Bir xəbərdi.

Səhərdən-axşama dünyada inqilab olur.

-Bir xəbərdi.

 

Diktatorlar həmişə diktə oturarlar

Və dinc oturmazlar.

-Bir xəbərdi.

 

Nobel adına verilən mükafatların kökü

Gedib Bakının neft quyularına dayanır.

-Bir xəbərdi.

Orta doğu bir ağ göyərçinin oxuduğu ağıdır.

Orta doğu qan ocağı, qan çanağıdı.

-Bir xəbərdi.

Ulayan yalquzaqdır,

Oxuyan bayquşdur Ərəb çölləri.

-Bir xəbərdi.

Çoxdandır səndən xəbərim yoxdu,

Necəsən dostum?

-Bir xəbərdi.

Afrika aclıqdan qaça bilər, amma “qaravaclıqdan” qaça bilməyəcək!

-Bir xəbərdi nə vaxtsa eşitmişəm.

Üstəki o “qaravaclıq” sözün özüm düzəltmişəm,

Yalavac sözünə borcluyam bu tapıntını

Təqdim edirəm ağ dərililərə.

-Bir xəbərdi.

Xəbərlərin gözüdür yaşamaq,

Bəbəyinə güllələr xoruzlanır.

Yaşamaq xəbər başlığıdır

Ayaq altında sürünür!

 

Bir xəbərdi:

Hələbin soyulan dərisi

Qarabağın oxunan şikəstəsi.

Urmu gölü bir duzlu xəbəridi

Yellər apardı uzaqlara,

Gətirdi yaxınlara!

 

“İqnosiya” matador xəbəridi Lorkadan.

“Günəş bir gün soyuyacaq” köhnə bir xəbərdi Nazimdən.

Kəndimizdə “Qarağanlı düz “ adında-

Mavi çalmalı, ipək yaylıqlı

Yovşan qoxulu bir otlaq var

Yaz gələndə onun üstündə uzanar, yaşıllanar

İndi loderlər ciyərini sökür

Şirkətlərə qum daşımaq üçün.

-Bir xəbərdi.

 

“İncirli Bulağı”nın üstündə bir bənövşəyə darıxdım

Və burnumun ucu göynədi, bu üzü yaza doğru gedən günlərdə.

-Sən deyən bir xəbər deyil,

Amma xəbərdi.

Artıq xəbərə dönmüşük

Nə var, nə yox, nə xəbər?

Xəbərik, xəbərə yaşayırıq!..

Xəbərəm

Xəbərdi

Xəbərsən,

Hər şey xəbərdi, xəbərin yoxdu!

Xəbər var daha heç nə yox!...

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)