ƏN YENİ POEZİYA: “Urmu gölünün öyküsü”, Əkbər Qoşalı Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Əkbər Qoşalı “Urmu gölünün öyküsü” söyləyəcək. Şeir dünən qələmə alınıb. 

 

Adıma Urmu derlər

Suyum göyə çəkilib…

Göllüyüm qeyb olsa da,

Yenə quru göllərin ən gözəl özüməm.

Türküstan talesizi 

Aralın bacısıyam;

O daha tez qurdu -

Məhşərə hazırlaşır

atamqızı elə bil…

 

Ən uzaq yaddaşımdan süzülüb gələnləri

danışım, qoy qalmasın -

Min illər öncəydi - biz ayrılanda

Aral sağ əlini çəkdi başıma

Başıma gələnə bax -

Min illər sonradı

        indi biz ikimiz də quruyuruq, 

                                       quruyuruq...

Nə mənim Acıçayım, 

nə də bacım Aralın 

                   Ceyhun ilə Seyhunu 

                    su daşımır dağlardan…

 

Xəzərə də əl çatmır…

Araz boynuburuqdu…

 

Aralın da mənimtək

gəmiləri pas atır…

Tanrının işinə bax -

Duzlu su çürütməyən gəmilər indi bir-bir

susuzluqdan qəhr olur…

Elə bil dil bilirlər

Elə bil göl bilirlər…

Göl vardımı bizimtək?..

 

Siz, ey zalim göllərin ən zalim gəmiləri

Sirdaşınız kim olsun?..

Kölgənizə yığışıb 

                   əsnək vurur dəvələr

Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam

Bəlkə mən bilməyirəm

Balıqlar dəvə olub?

Bircə onu bilirəm

                 dəvələr balıq olmaz…

 

Qanadsızdı dəvələr

Dəvələr dözümlüdü

Dözəcəklər, dözəcəklər

Bizim 

          son qətrəmiz də quruyan gün -

                   baxarsız,

Qanad çıxaracaqdır

Kölgədəki dəvələr

İnanın, düz sözümdü…

 

Araz boynuburuqdu…

Xəzərə əlim çatmır…

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)