Bu gün yazıçı Süleyman Vəliyevin 105 illiyidir

Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifa­qının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalış­ıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işlə­yib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azər­baycanlı döyüşçülərin Avropa müqa­vimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mə­nə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə möv­zusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub.  Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsər­lərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.

Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!