“Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü…” - YENİ ŞEİRLƏR Featured

“Ədəbiyyat və incəsənət” portalı AYB üzvü, Prezident təqaüdçüsü Namiq Hacıheydərlinin yeni yazdığı şeirlərini təqdim edir. 

 

 

Dünya

 

Qoy ruhdan düşməsin dərdə düşənlər,

Hamının dərdindən halıdı dünya.

Sonunda hər kəsin haqqını verir,

Minillər şahidi, uludu dünya.

 

Gah ömür yoluna bəla gətirər,

Gah da yollarında çiçək bitirər,

Doğru yol tutanı haqqa götürər,

Əyriyə cəhənnəm yoludu dünya.

 

O kəs ki, düşməni öz tamahıdır,

Qazancı günahsız məzlum ahıdır,

Şərə dost olanın şahənşahıdır,

Haqqa dost olanın quludu dünya.

 

Nəbzi var, dili var, canlı, diridi,

Yaşayan varlığın o da biridi,

Dilini bilənə yaylaq yeridi,

Bilməzə düzlərin koludu dünya.

 

Ay Namiq, əməllər getməz havayı,

Hər kəsin önünə qoyular payı.

Kim deyir, azalıb onların sayı,

Yaxşı adamlarla doludu dünya

 

 

Gülüş

 

Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü,

Dünyanın ən bədbəxt adamıdı;

Dünyanın ən çox gülən adamı.

 

 

Söz

 

Sözün 

tükəndiyi yer yoxdur,

Sözün 

keçmədiyi yer var.

 

 

Yol

 

Tək bir yol var dünyada:

Tanrıya gedən yol.

Qalan bütün yollar

            yolsuzluqdur əslində.

 

 

Gülüşünü yadırğayan 

 

Güldü,

Gülüşündən utandı;

Gülüşünü yadırğayan adam.

 

 

Hardan gəldin?

 

Sənə

Dəvətnamə göndərmədim

Buyur, gəl!- demədim,

Çağırmadım…

Hardan gəldin, niyə gəldin ömrümə?!

 

 

Olam, olam…                                      

 

Tanrı aça qapıları,

Göylərdən səs alam, alam.

Bir işıq süzülüb gələ,

Sevgi ilə dolam, dolam.

 

İçimizi sevgi yuya,

Ucalda bizi Tanrıya.

Hamı sözə sayğı duya,

Dağ-daş deyə: Salam! Salam!

 

Bir gün ruhum qanadlana,

Uçub vara yalnız Ona,

Sual verə Yaradana:

“Doğrudanmı qulam, qulam”?

 

Bir məqamda Tanrı dinə,

İşıq donlu bir səs enə,

“Eşqsiz olan qula dönə,

Eşqə varan: balam, balam”.

 

İşıq, nur yağa yerlərə,

Hər qarışda eşq göyərə,

Sevgi qoxuya dağ, dərə –

Ünvanı mən olam, olam.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)