GÜNEY AZƏRBAYCAN NƏSRİ ANTOLOGİYASInda Həsən Babayinin “Pişik” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Nəsri Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Həsən Babayinin “Pişik” hekayəsini təqdim edir. 

 

 Əcəbşirli təxəllüsü ilə tanınan Həsən Babayi, 1965-ci ildə Urmiyanın yaxınlığında olan Əsəbşir şəhərində dünyaya göz açıbdır. İlk təhsilatını əcəbşirdə bitirdikdən sonra, təbriz şəhərinə köüb mühasibat fakültəsində təhsilini təbriz universitetində bitiribdir. O, maliyyə idarəsinə aid bankada işləyibdir. Onun yazdığı nəsrini sizə təqdim edirik.

 

Bizim evimiz küçənin güneyində yerləşirdi. Qabaq – qanşar qonşumuzun həyətlərində bir pişik balalamışdı. Onların evləri quzeydə yerləşdiyindən qapıları açıldıqda həyətləri görünərdi. Qonşunun həyət qapıları çox vaxt açıq olardı. Pişiyin gəl-gedini gözaltına almışdım. Ana küçə-bacadan tapdığını balalarına aparmağını düşünəndə anam yaddaşımda canlanardı. Küçəmizin qapı bir qonşuları bir-birilərinin adlarını belə öyrənməmişdilər. Ancaq birlikdə bir küçədə yaşam sürürdülər. Hamı səssiz gəlib sözsüz gedərdi. Böyüklər ilgi saxlamadıqlarından uşaqlar da elə yaxınlaşmazdılar. Atamdan bir dönəm  sordum, düz cavab almadan ardını tutmadım. “Nəbilim, indi dəb belədir. Kimdə vaxt var? Qonşu sözü köhnəlib. İndi qardaş qardaşın evini tanımır” deyib sovuldu. Küçədə hərə öz qapısının qabağına ağac-gül əkmişdi. Az suvarıldığından dirçəlişləri gözə gəlmirdi. Atam şam ağacı, zanbaq əkmişdi. Küçənin görkəmi gözəl görünmürdü.

Pişiyi deyirdim… balalarını dişində dolandırar, küçə itlərindən qoruyardı, axı hələ əlləri ağızlarına çatmayırdı. Balaların birini avtomobil vurmuşdu. Küçəmizin iki başı da açıq olduğundan gəl-get çox olurdu. Atam bir illət də küçənin dibinin bağlı olmadığını söylərdi. Qonşuların soyuqqanlı davranmalarına yazıq pişik qalan o iki balasının yanına dönüb buna baş çəkib yanıqlı səs çıxarar, gözünə baxmaq mənə mümkün olmurdu. Baxan kimi “Mənim balamı qaytarın" təmənnası baxışlarından duyulurdu. Qapı bağlananadək gəlib getdi. Bağlanandan sonra qalxıb divarın üstünə oturub məlul-məlul baxdı. Küçəni gözünün altına almışdı, balasının cəmdəyi küçənin ortasında it axtarırdı onu ağzına alıb aparsın. Küçə itləri hələ sümsünməyə çıxmamışdılar. Mən atışkadan düşünürdüm, pişik anası divar üstdən. Nəhayət itlərin axını üz verdi . Biri ağzına alıb aradan çıxdı.  Pişik başını aşağı dikib qalan balalarının yanına döndü. Mən isə atışkanı qapayıb özümə daldım. Ağlar analar yadıma düşdü, vaxtilə öz babalarını itirib əli boş döndükləri yaddaşımda canlanıb duyğulandım. Yazıq pişik balasını itlərdən qoruyub avtomobil qəzasına düşdüyünə inana bilmədiyinə vurnuxdu. Küçə boyu ölüm payını ala pişikdən alıb sakitləmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)