“Hər baxışı könlüm evin yıxandı” - Xaltanlı Tağı yaradıcılığında bədii xüsusiyyətlər

 

 “Oxucularımızın yaradıcılığı” bölümündə sizə Ouba rayonunun Yerfi kəndində yaşayan Tahir Həsənlinin yazısını təqdim edirik. Yazı XIX əsrin əvvəllərində yazıb yaratmış el şairi Xaltanlı Tağının yaradıcılığına həsr olunub.

 

 

 

 

 

Yazılan şeirin sənət nümunəsi olması üçün onun yüksək bədii məziyyətləri olmalıdır. Bədiiliklə müasirlik qovuşanda oxucu sevgisi yaranır ki, bu da şeirin sadəcə kitab səhifələrində deyil, oxucu qəlbində yaşamasını təmin edir.

 

Bədii xüsusiyyətlər aşıqlarımızın yaradıcılığında özünü müxtəlif tərzdə göstərir, öz rəngarəngliyi ilə seçilir. XIX əsrin əvvəllərində Dədə Qorqud ənənəsinin varisi, Şirvan aşıq şeirinin qüdrətli sənətkarı Xaltanlı Tağı bədii təsvir vasitələrindən yaradıcı şəkildə, ustalıqla istifadə etmişdir. Aşığın istər təbiət, istər məhəbbət, eləcə də didaktik-fəlsəfi şeirlərində özünəməxsus ifadə tərzi və məcazın növləri ilə qarşılaşırsan. Tağı təbiəti təsvir edən şeirlərində  sözün təsir gücüylə gözəllikləri bədii boyalarla canlandırır. Dinləyici, yaxud oxucunun təxəyyülündə yurdun əsrarəngiz mənzərələri göz önünə gəlir. Aşıq gördüklərini sadəcə təsvir etmir, onu insan obrazında canlandırır, təbiətlə insanın vəhdətini yaradır:           

 

                               Qızılgüllər qönçələnib oyanıb,

 

                               Ağacları baş əyibən dayanıb,

 

                               Budaqları al-qırmızı boyanıb,

 

                               Nügədinin solu-sağı nə gözəl!

 

 İlk misrada aşıq sanki yurdun qönçə tək açılan gözəllərini, ikinci misrada “Ağac bar verəndə başını aşağı əyər” atalar sözünə uyğun insanları, üçüncü misrada isə hər bir ailədən al-qırmızı geyinib toy şənliyinə gəlmiş qız-gəlinləri təsvir etmişdir.   

 

  “Gözəldir” rədifli qoşmasında gözəli ayla müqayisə edir, üzünü örtən tellərini ayın qabağını örtən buluda bənzədir:

 

                                Teli burma-burma örtüb buxağı,

 

                                Sanki kölgələnib ayın qabağı.

 

                                Həsrətindən yandı biçarə Tağı, 

 

                                Sinəmə tökülən narı gözəldir.

 

İlk beytdə aşiqini heyran edən gözəlliyi məcazın təşbeh növü ilə ifadə edərək aşıq sonrakı misrada məhəbbətinin gücünü daha qüvvətli bənzətmə yolu ilə - istiarə ilə çatdırır. Sevdiyinə qovuşa bilməyən çarəsiz aşiq həsrətindən yanır, yandıqca sinəsinə tökülən atəş sanki ona bir rahatlıq gətirir. Bununla da sözlə deyil, baş verən hərəkətlə bağlı bir təzad yaranır. Aşıq Tağı bu bənddə nar sözünü od, atəş mənasında işlətmişdir. Şeirin birinci bəndində meyvəyə bənzədilməklə işlənmiş nar omonim sözü ilə cinas qafiyə yaradılmışdır. “Qoynu cənnət bağı, nari gözəldir” deməklə aşıq misranın poetik yükünü artırmış, dəyərləndirmışdir.

 

Bədii təsvir vasitələrindən Xaltanlı Tağı şeirlərində məharətlə istifadə olunmuş, məcazın müxtəlif növləri ilə gözəlin portreti yaradılmışdır.

 

                                 Kirpikləri peykan, çeşmi piyalə,

 

                                 Burnu fındıq təkin, yanağı lalə, 

 

                                 Qaymaq dodaqları batıbdır bala,

 

                                 Arı şan daşıyır ağzında iş, “vay.”  

 

Kirpikləri oxa dönüb aşiqin qəlbinə sancılan, fındıqburun, iri gözlü, qaymaq dodaqlarından bal süzülən qızın dişləri dördüncü misrada özünəməxsus tərzdə təsvir edilib. Aşıq gözəlin dişlərini pətəkdə görünən ağ şana bənzədir. Ağ şanın sıralanıb parlayan gözcükləri kimi sanki gözəlin parlaq dişlərini də arı hörmüşdür. 

 

Burada iş sözü fars dilində işlənib işıldamaq, parıldamaq mənası verir. Sonda “vay” sözü isə bir məqamı xatırladır. Şan hörən arıdan çəkinib “vay” deyildiyi kimi, gözəl danışdıqca bal kimi süzülən sözlərinin və ballı dodaqlarının arasında parıldayan ağ şana bənzər dişlərinin yaratdığı gözəllık qarşısında aşıq “vay” ifadəsi ilə heyrətini bildirir.

 

Aşıq gözəlin yalnız xarici gözəlliyini deyil, daxili aləmini də dəyərləndirir. Onun dünya malından qiymətli olduğunu mübaliğəli şəkildə bildirir:

 

                                   Dağlara maralsan, düzlərə ceyran,

 

                                   Ordubad, Naxçıvan boyuna heyran.

 

                                   Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan,

 

                                   Külli Dağıstana vermərəm səni.

 

Məhəbbət mövzulu lirikasında bədii xüsusiyyətlərə geniş yer verən Tağı gözəlliyi yalnız epitet və təşbehlərlə canlandırmır, bu gözəlliklə yanaşı həm təzad bildirən sözlərlə, həm də təzadlı fikirlərlə gözəlin gözəlliyini tamamlayır. Ağ üzdə siyah (qara) tellər təzad yaratdığl kimi dindirməlı, gülməlı yarın hər baxışının könül evini yıxması  da təzaddir. 

 

                                    Bir yarım var, dindirməli, gülməli,

 

                                    Ağ üzündə siyah tellər bürməli, 

 

                                    Qaşlar həmayilli, gözlər sürməli,

 

                                    Hər baxışı könlüm evin yıxandı.         

 

Aşığın çox istifadə etdiyi bədii ifadə vasitələrindən biri də təkrir və onun müxtəlif formalarıdır. “Bir ayrılıq, bir yoxsulluq, bir ölüm” adlı şeirində “bir” sözünün təkrarı ilə təkrir yaradıb ifadəni qüvvətləndirir. Başqa bir şeirində təkririn anafora şəklindən istifadə edərək fikrini bədiiləşdirir:

 

                                         Kimi alim, kimi hafiz,

 

                                         Kimi xətib, kimi vaiz,

 

                                         Kimi müxlis, qəlbi təmiz 

 

                                         Pak müsəlman bu mənzildə.

 

Aşıq poeziyasında özünə geniş yer tutan qoşmanın müxtəlif şəkilləri mövcuddur. Xaltanlı Tağının şeirləri içərisində zəncirləmə deyilən bir növə də rast gəlinir. Aşığın “Arasında” rədifli qoşması bu tərzdə yazılmışdır:

 

                                    Yoxdur gülüstanda tayın, yoldaşın,

 

                                    Xuraman yerişin, qəh-qəh gülüşün.

 

                                    Tanıram duruşun, ceyran baxışın,

 

                                    Əgər olsan yüz min qız arasında.

 

                                    

 

                                    Əğər olsan yüz min ğozəl dilbərin,

 

                                   Danışa bilməsən, aç düymələrin. 

 

                                    Xaltanlı Tağıyam, ağ məmələrin

 

                                    Öləndə qəbrimi qaz arasında.

 

Əvvəlki bəndin son misrasının başladığı “Əgər olsan yüz min” sözləri ilə sonrakı bənd başlayır. Bu qayda ilə bütün bəndlər bir-birinə bağlanır. “Vilayətlərin tərifi” və “İranda mərasım” adlı şeirlərində isə hər bənd hansı sözlə bitirsə, sonrakı bənd o sözlə başlayır.

 

Aşıq bayatı və gəraylılarında cinaslı qafiyələrdən istifadə etmişdir ki, səslənməsi oxşar olan bu qafiyələr müəllifindən ustalıq, dinləyicisindən diqqət və düşüncə tələb edir:

 

                                      Şamamalar tağı istər,

 

                                      Fərz ölüm ta ağı istər,

 

                                      Səndən dəva Tağı istər,

 

                                      Qoyma, zalım, ara sına.

 

Belə hallarda sənətkar sözü zahirən məharətlə işlətməklə yanaşı, məzmunca da dəyərini, bədiiliyini saxlamağı bacarmışdır. Tağı sözü birinci misrada bitkiyə aid, ikinci misrada “ta ağı” səklində işlənərək kəfənə işarədir. Üçüncü misrada isə aşığın adını bildirir. 

 

Aşığın qoşmalarında özünəməxsus ifadələri, epitetləri, təşbehləri, təkrirləri, təzadları, mübalığələri - məcazın müxtəlif növlərini ğörmək olar. “Ağ geyib üstündən qara bağlaram”, “İsti nədi, soyuq nədi, qar nədi?”  “Qaməti mötədil, növrəstə gözəl”, “bulud kimi siyah tellər”, “təkəbbür dağlar”, “həyalı məhbublar”, “hicran tapdağıyam”, “çəmən çöhrəsi”, “qəm axıtdı qanımdan”, “Yaxam sel bağladı, didələrim çay”, “üzərlik tək oda atıb siyah qılır ruzigarı” və bu kimi misra və ifadələrlə bəzənmiş şeirlər Xaltanlı Tağı yaradıcılığının zənginliyini göstərir.

 

Aşıq Tağı dinləyicisini düşündürmək üçün bədii sualdan da istifadə etmişdir. Əsasən didaktik-fəlsəfi şeirlərində həlli tapılmayan, amma hamını düşündürən məsələləri qabardır, sualla müraciət edərək dinləyicinin diqqətini bir yerə cəmləyir.

 

                   Oyan, ey əhli dünya, dur, bu dünyadan nə istərsən?

 

                   Bu dünya cox bivəfadır, bu vəfadan nə istərsən? 

 

Xalqımızın zəkasının məhsulu olan atalar sözlərindən yaradıcı insanlarımız, eləcə də aşıqlarımız daim qidalanmışlar. Xaltanlı Tağının yaradıcılığında da atalar sözləri və Allah kəlamı olan “Quran”dan gələn fikirlərin poetik şəkildə ifadəsinə tez-tez rast gəlinir.

 

                               Nə qədər cəhd etsə, söndürməz yağı,

 

                               Bir kəsin yanırsa haqdan çırağı. 

 

 

 

                               Qaldırsan yıxlanı, doyursan acı,

 

                               Sanarsan Kəbəyə ziyarətin var.

 

 

 

                               Dövlət ilə hər çavuşdan bəy olmaz.

 

 

 

                               Məzardan qayıtmaz imansız ölü,

 

                               Məscid qapısında it gərək olmaz.

 

    

 

                               Şahlıq tövləsində bəslənsə eşşək,

 

                               Əslini dəyişib yüyürcək olmaz.

 

    

 

                               Ağalar ağası sənə yar olsun,

 

                               Bəndə duasından nə minnətin var...

 

Məlumdur ki, Xaltanlı Tağının yaşadığı dövrdə bütün oxumuşlar dini təhsil almışlar. Tağı da mədrəsə təhsili aldığındandır ki, şeirlərində dini adlara, quran qissələrindən gələn əhvalatlara müraciət edərək bəzən bir bədii vasitə kimi istifadə etmişdir. Şeirin poetik məna yükünü artıran, fikrin, hiss və duyğunun daha dolğun verilməsində aşıq təlmihlərdən istifadə etmişdir. Təlmihlər vasitəsilə hər hansı hadisə, əhvalata işarə edilərək dolğun təsəvvür yaradılır. Belə ifadələrin geniş şərhə ehtiyacı olur. Şeirlərinin birində Tağı müasiri olduğu Şeyx İzzəddinlə Şeyx İbadəddinin gördüyü işlərin böyüklüyünü belə müqayisələrlə çatdırır:

 

                                Fərhad Bisütunu çapan kimidir,

 

                                Yaqub Yusifini tapan kimidir,

 

                                İbrahim Kəbəni yapan kimidir,

 

                               Mehriban dostların ehsanına bax.

 

Tağının yaradıcılığında müxtəlif vasitələrdən, bədii priyomlardan istifadəyə də rast gəlirik. Fikirlərinin daha təsirli alınması üçün aşıq bəzən ərəb hürufatının xüsusiyyətlərindən də istifadə etmişdir. Aşığın fikrini daha dəqiq, aydın başa düşmək üçün ərəb hərflərinin xüsusiyyətlərini bilmək və geniş şərh etmək ehtiyacı yaranır. 

 

                               Bir əlif var qoynun içində, ay qız.

 

 

 

                               Təşdid düşüb əlif, lamın üstünə.

 

 

 

                               Gözlərim daima əlif, “dal”dadır.

 

 

 

                               Tağı həqiqətdən laf və kaf eylər...

 

Şübhəsiz, Tağının bizə gəlib çatan şeirləri haqqında bu söylədiklərimiz kifayət deyildir. Onun müxəmməs və qəzəllərinin, “Quran”la bağlı deyişmə və qıfılbəndlərinin bədii xüsusiyyətləri isə daha geniş şərhə ehtiyacı olan mövzudur. Şeirlərinin bir qismində də bu ğünümüz üçün izaha ehtiyacı olan söz və ifadələr vardır. 

 

Şirvan aşıq məktəbinin yaradıcılarından biri kimi Xaltanlı Tağı irsini öyrənmək, onun özündən sonra gələn aşıqlarımıza təsirini araşdırmaq da qarşıda duran həlli vacib məsələlərdəndir. Düşünmək olar ki, Aşıq Tağı ötən 200 ildən çox bir vaxt ərzində həm şeirlərinin bir qismi unudulmuş, həm də yaradıcılığından ustalıqla  istifadə olunmuş bir el şairidir.