Tarixin bir gününə sığmayan gün - 8 NOYABR Featured

Altı ilin işığında Azərbaycan, Türk dünyası və bölgənin yeni gerçəkliyi

 

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Tarixin elə günləri var, onlar təqvimin bir gününə sığmır; bir ulusun taleyini, bir dövlətin gələcəyini, bütöv bir bölgənin siyasi-fəlsəfi, hərbi-kulturoloji, bir sözlə həyati mənzərəsini dəyişir. Belə günlər yalnız keçmişin hadisəsi olaraq çıxış etmir, eyni zamanda gələcəyin başlanğıcı olur. 8 Noyabr bax, belə bir altun gündür! O, Azərbaycanın dövlətçilik tarixində olduğu qədər, Türk dünyasının çağdaş yaddaşında, bölgəmizin geopolitik düzənində, haqq-ədalətin bərpasına inanan ulusların mənəvi dünyasında da özünəxas yer (daha doğrusu göyüzü!) qazanmışdır.

 

2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan qurtuluşu ilə Azərbaycan öz tarixi iradəsinin, milli ləyaqətinin və dövlətçilik qüdrətinin yeni mərhələsinə qədəm qoydu. Şuşanın qurtuluşu 44 günlük Vətən müharibəsinin hərbi-siyasi taleyini həlledici dərəcədə müəyyənləşdirdi. İki gün sonra – 10 noyabrda imzalanmış bəlli üçtərəfli Bəyanat isə döyüş meydanında yaranmış yeni gerçəkliyin siyasi-hüquqi ifadəsinə çevrildi.

Ancaq 8 Noyabrı yalnız hərbi qələbə kimi dəyərləndirmək onun tarixi miqyasını daraltmaq olardı. Bu Zəfər, hər şeydən öncə, ədalətin güclə, gücün hüquqla, hüququn isə milli iradə ilə qovuşduğu nadir tarixi hadisələrdəndir.

2020-ci il Zəfərimizin birdən-birə yaranmış hərbi üstünlüyün nəticəsi olmadığı bəllidir. Onun arxasında otuz ilə yaxın davam etmiş işğal, bir milyona yaxın qaçqın və məcburi köçkünün taleyi, dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər, təhqir edilmiş tarixi-mədəni irs, pozulmuş beynəlxalq hüquq normaları dayanırdı.

Bu Zəfərin arxasında həm də böyük təmkin, diplomatik ardıcıllıq, iqtisadi güclənmə, ordu quruculuğu, milli həmrəylik və strateji uzaqgörənlik vardı.

Azərbaycan uzun illər məhz sülh yolu, danışıqlar yolu ilə irəliləməyə çalışdı. Ancaq BMT Təhlükəsizlik Şurasının bəlli qətnamələri yerinə yetirilmədi, beynəlxalq vasitəçilik gözlənilən nəticəni vermədi. Çün qarşımızda dayanan, torpağımızda duran qudurmuşdu və özünü əmin əllərdə hiss edirdi. Beləliklə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüquqla tanınan suveren hüquqlarını həyata keçirmək zərurəti qarşısında qaldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun peşəkarlığı, xalqın sarsılmaz birliyi və şəhidlərimizin fədakarlığı bu tarixi nəticəni mümkün etdi.

44 gün içində Azərbaycan yalnız hərbi üstünlük qazanmadı, həm də illərlə formalaşdırılmış məğlubiyyət psixologiyasını, dəyişməz sayılan status-kvonu, işğalın əbədiləşdirilməsi cəhdlərini aradan qaldırdı. Özü də işğalı qalıcı etmək yalnız ermənilər, dünya erməniliyi işi deyildi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən və başqalarından güc alan işğalçı lüksünü, komfortunu pozmayacağına əmin idi.

8 Noyabrın böyüklüyü ondadır ki, həmin gün Azərbaycan torpaqları ilə birgə, tarix qarşısında öz sözünü demək qüdrətini də geri aldı.

Bəs bizim şanlı Zəfəri fərqli qılan nədir?

Dünya tarixi saysız-hesabsız savaşlar, qələbələr, yürüşlər görüb. Ancaq bütün qələbələrin mənəvi-siyasi mahiyyəti eyni deyil, əlbəttə. Əlbəttə, biz öz torpağımızı azad etmək üçün vuruşmuşuq – bu, pozulmuş hüququn bərpasıydı.

Azərbaycanın zəfəri Zəfər kimi zəfərdir!

Məqsədimiz işğala ləyaqətlə son qoymaq idi. Azərbaycanın hərbi strategiyasında legitim hərbi hədəflərin vurulması, mülki əhalinin və mülki infrastrukturun qorunması mühüm prinsip kimi bəyan edilmişdi. Savaşın gedişində mülki itkilərin və zərərlərin də qeydə alındığını nəzərə alaraq, bu prinsipin önəmini bütün savaş gerçəkliyini inkar etmədən dəyərləndirmək gərəkdir. Burada əsas məsələ Azərbaycanın elan etdiyi hərbi məqsədin faktiki özəlliyi mülki əhalinin, mülki infrastrukturun toxunulmazlığını gözləyərək, işğala son qoymaq olmasıydı.

Şuşanın qurtuluşu isə ayrıca hərbi sənət, ayrıca qəhrəmanlıq örnəyidir. Mürəkkəb dağlıq relyefdə, çətin keçilən istiqamətlərdə, yüksək döyüş əzmi və peşəkarlıqla əldə edilmiş bu uğur çağdaş dünya hərb tarixinin ən parlaq səhifələrindəndir.

Ancaq Zəfərimizin başqa bir fərqləndirici cəhəti də var: Azərbaycan qalib gəldikdən sonra məğlub tərəfin əbədi düşmən olaraq qalmasını özünün strateji məqsədinə çevirmədi. Əksinə, sülh gündəliyini irəli sürdü, bölgədə kommunikasiyaların açılmasını, iqtisadi əməkdaşlığı və gələcəyə yönəlmiş münasibətlərin qurulmasını təşviq etdi.

Bax, bu, qalibiyyətin qisasçılığa dönüşməməsi, quruculuğa yönəldilməsi deməkdir.

Başqa sözlə, Azərbaycanın Zəfəri yalnız döyüş meydanında qalmadı, savaşdan sonrakı davranışda da anlamlandırıldı, yüksəldildi. Belə davranış bizim ulusun, dövlətin  arxalandığı ruhi-mənəvi, siyasu-fəlsəfi irsin özəyindən gəlur!

Budur, Zəfərdən ötən altı il quruculuğa – qurtuluşdan dirçəlişə xidmət edir. – 2020-ci ildən 2026-cı ilə uzanan illər Azərbaycan üçün tarixi keçid dövrüdür.

Əgər 2020-ci il torpaqların böyük hissəsinin işğaldan qurtuluşu ilə yadda qaldısa, 2023-cü ilin sentyabrı dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası baxımından növbəti həlledici mərhələ oldu.

Beləliklə, 8 Noyabrla başlanan yeni tarixi mərhələ 2023-cü ilin hadisələri ilə dövlətçilik baxımından daha bütöv məzmun qazandı.

Ötən altı ilin ən önəmli sonuclarından biri də Böyük Qayıdışın dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilməsidir.

Füzuli, Zəngilan, Laçın, Şuşa, Ağdam, Cəbrayıl, Kəlbəcər və digər yurd yerlərində həyata keçirilən bərpa-quruculuq işləri infrastruktur layihələri olmaqdan ötə, milli yaddaşın, sosial həyatın, mədəni mühitin və tarixi varisliyin yenidən canlandırılması sürəcidir.

Yeni yollar, hava limanları, yaşayış məhəllələri, məktəblər, sağlıq ocaqları, mədəniyyət evləri və enerji infrastrukturu azad edilmiş torpaqların gələcəyinə qoyulan yatırımdır.

Ən əsası, vaxtilə doğma yurdundan didərgin salınmış insanların öz ata-baba ocaqlarına qayıtmasıdır.

Torpaq orada həyat yenidən başlayanda əsl yurd olur, yurdçuluq olur, uca duyğular doğurur.

Böyük Qayıdışın dərin kulturoloji anlamı da bax, elə bundadır: dağıdılmış maddi mühitlə yanaşı, qırılmış mənəvi bağlar da bərpa edilir.

Əlbəttə, bu sürəcin hələ həllini gözləyən məsələləri də var. Böyük Qayıdışın son məqsədi insanların doğma yurdlarında dolğun və təhlükəsiz həyat qurmasıdır. Məsələn, 1 milyon (vaxtilə çıxarılmış insanların sayı qədər!) mina problemi hələ yekunlaşmayıb; işin tamamlanmaması bir tərəfdən relyef, ərazinin genişliyi, minaların çeşidi ilə bağlıdırsa, digər səbəb keçmiş işğalçının təkmil mina xəritələrini təhvil verməməsinə bağlıdır. Biz, bax, belə bir yaramaz tayfası ilə sülh quruculuğu içindəyik! – Sülhə adekvat olmayanlarla bu iş öyrədə-öyrədə, bəzən də, açığını deyək, əhliləşdirə-əhliləşdirə irəliləməyi tələb edir…

 

8 Noyabrın başqa bir özəllik və gözəlliyi Türk dünyasının ortaq yaddaşında tutduğu uca məqamla bağlıdır. Bəli, Zəfərimiz Türk dünyasında da böyük mənəvi-siyasi əks-səda doğurdu.

Bu Zəfər bir daha göstərdi ki, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər çağdaş strateji həmrəyliyin də mühüm qaynağıdır.

Qardaş Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstək, Türk dövlətlərinin və toplumlarının müxtəlif səviyyələrdə nümayiş etdirdiyi həmrəylik ümumtürk düşüncəsində yeni özünəinam yaratdı.

2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyinin yeni mərhələsini rəsmiləşdirdi. Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa, Türk dünyasının çağdaş həmrəylik rəmzlərindən biri kimi də yeni məna qazanmışdır.

Türk Dövlətləri Təşkilatının sonrakı illərdə genişlənən əməkdaşlıq gündəliyi, Orta dəhlizin artan strateji önəmi, yükdaşıma, enerji, təhlükəsizlik və mədəniyyət sahələrində inteqrasiya imkanları bu yeni tarixi mühitin mühüm göstəriciləridir.

Əlbəttə, bütün bu sürəcləri yalnız 8 Noyabrın birbaşa nəticəsi saymaq doğru olmaz; ancaq Azərbaycan Zəfərinin Türk dünyasında siyasi özünəinamı gücləndirdiyi, ortaq fəaliyyət düşüncəsinə əlavə təkan verdiyi danılmazdır.

8 Noyabr Türk dünyasına bir həqiqəti yenidən xatırlatdı: ortaq yaddaş böyük sərvətdir, ancaq ortaq iradə həmin sərvəti tarixi qüvvəyə çevirir.

Bu anlamda Zəfərimiz bütövlükdə Türk dünyasının çağdaş siyasi-mənəvi yüksəliş salnaməsində özünəxas yer tutur.

Bölgə üçün yeni imkanlar açılmışdır. Biz həm savaşın, həm də sülhün qalibi olmağı haqq etmişik.

Azərbaycanın Qələbəsindən sonra Güney Qafqazda yeni geopolitik gerçəklik formalaşdığı danılmazdır.

Uzun illər savaş və qarşıdurma məkanı kimi tanınan bölgə üçün işbirliyi, yükdaşıma bağlantıları, iqtisadi inteqrasiya və dayanıqlı sülh imkanları meydana çıxdı. – Söhbət, iki yaxud üç dövlətin işbirliyindən, hətta 3+3 formatlı işbirliyindən getmir; söhbət iki qitəni birləşdirən və dövriyyəyə daxil edilməsi çox zəruri olan imkanlardan gedir.

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh prinsipləri, münasibətlərin normallaşdırılması təşəbbüsləri bu baxımdan böyük önəm daşıyır.

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar və sülh sazişi mətninin paraflanması da uzunmüddətli qarşıdurmadan hüquqi-siyasi normallaşmaya keçid baxımından əlamətdar mərhələ oldu. Bununla belə, tam və dayanıqlı sülhün təmin edilməsi hələ də ardıcıl siyasi iradə və qarşılıqlı güvən tələb edir.

Burada Azərbaycanın yanaşmasının mühüm fəlsəfi tərəfi var: keçmişi unutmuruq, amma keçmişin girovuna da çevrilmirik!

Tarixi yaddaşla gələcəyə yönəlmiş siyasət bir-birini inkar etmir. Əksinə, ədalətli sülhün əsası tarixi həqiqətlərin qəbulundan, hüquqa sayğıdan və gələcək nəsillərin yeni qarşıdurmalara məhkum edilməməsindən keçir.

Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin mahiyyəti də bax, bu perspektivdə dəyərləndirilməlidir.

Qalibiyyətin böyüklüyü yalnız məğlub edilmiş ordunun miqyası, onun fərarilərinin, itkilərinin sayı ilə ölçülmür; onun əsl tarixi dəyəri qələbədən sonra qurulan həyatın keyfiyyəti, yaradılan sülh imkanları və gələcək nəsillərə ötürülən mənəvi-siyasi mirasla müəyyənləşir.

8 Noyabr – tarixdir, yaddaşdır və gələcək qarşısında məsuliyyətdir!

Altı il öncə Şuşada ucaldılan Azərbaycan bayrağı hərbi qələbənin, milli iradənin, tarixi ədalətin və dövlətçilik davamlılığının rəmzidir.

Bu gün Zəfərimizin altıncı ildönümünü bayram edərkən biz yalnız keçmişə baxmırıq; biz həm də özümüzdən soruşuruq: bu Qələbənin açdığı imkanlardan nə dərəcədə yararlanmışıq və gələcək nəsillərə necə bir Azərbaycan, necə bir bölgə, necə bir Türk dünyası ötürmək istəyirik?

Əgər 2020-ci ilin başlıca vəzifəsi torpaqlarımızı azad etmək idisə, 2026-cı ilin və sonrakı illərin böyük vəzifəsi həmin torpaqlarda davamlı həyat, güclü iqtisadiyyat, zəngin mədəni mühit və güvənli təhlükəsizlik sistemi qurmaqdır.

Zəfərin hərbi mərhələsi başa çatıb, ancaq onun dövlətçilik, quruculuq və mədəniyyət müstəvisində davam edən böyük missiyası vardır.

Biz bu Zəfəri şəhidlərimizin qutlu anısına sədaqətlə, qazilərimizin fədakarlığına sayğıyla, dövlətimizin gələcəyinə məsuliyyətlə yaşatmalıyıq.

8 Noyabr ulusumuzun öz tarixi taleyinə yiyə durmaq iradəsini yeni mərhələyə yüksəltdi. – 8 Noyabrı başqa tarixi qələbələrdən fərqləndirən əsas cəhətlərdən biri də budur!

Bu Zəfər bizə göstərdi ki, milli birlik – tarixi nəticə doğuran qüvvədir; dövlət müstəqilliyi – onu qorumaq və möhkəmləndirmək bacarığıdır; Vətən sevgisi – əməl, fədakarlıq və quruculuq məsuliyyətidir!

Nəhayət, 8 Noyabr bizə bir daha anlatdı ki, ən böyük Zəfər – azad edilmiş torpaqda gələcəyin azad, güclü və ləyaqətli həyatını qurmaqdır.

 

Altı il öncə Azərbaycan tarix yazdı. Bu gün isə həmin tarixin açdığı üfüqlərdə gələcəyini qurur.

Zəfəri yaddaşdan həyata, qürurdan məsuliyyətə, milli uğurdan ümumbəşəri dəyərə çevirməkdəyik! – Şuşadan başlanan o böyük mənəvi yüksəlişin əsl davamı da budur!

8 Noyabr – Azərbaycanın özünə qayıdışının, Türk dünyasının ortaq özünəinamının və bölgəmizdə ədalətli gələcək imkanının rəmzidir.

Zəfərimiz qutlu, bayrağımız uca, birliyimiz sarsılmaz olsun!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.