ZƏFƏR GÜNÜ – milli qürurumuzun, milli iradəmizin təntənəsi Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Elə günlər var ki, onlar təqvimin adi bir tarixi olmaqdan çıxaraq xalqın yaddaşına, milli düşüncəsinə və mənəvi dünyasına əbədi həkk olunur. Belə günlər zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, hər yeni nəsil üçün daha dərin məna kəsb edir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün məhz belə tarixi günlərdən biridir. Bu gün təkcə hərbi qələbənin deyil, milli iradənin, sarsılmaz birliyin, Vətən sevgisinin və tarixi ədalətin təntənəsidir.  

 

Tarix xalqların yalnız keçmişini deyil, həm də xarakterini müəyyənləşdirir. Hər bir xalqın yaddaşında onun taleyini dəyişən, gələcəyinə istiqamət verən mühüm hadisələr yaşayır. Azərbaycan xalqı da əsrlər boyu öz dövlətçiliyini, torpaqlarını, milli-mənəvi dəyərlərini qorumaq uğrunda mübarizə aparıb. Bu mübarizənin ən ağrılı səhifələrindən biri də ötən əsrin sonlarında erməni işğalçıları tərəfindən torpaqlarımızın istelası, milyonlarla insanın doğma yurd-yuvasından didərgin düşməsi, tarixi abidələrimizin, kənd və şəhərlərimizin dağıdılması, Qarabağın işğalı idi. Qarabağ həsrəti uzun illər xalqımızın qəlbində sağalmayan bir yara, milli yaddaşımızda ağır bir nisgil kimi yaşadı.

İllər ötürdü, nəsillər dəyişirdi, lakin doğma torpaqlara qayıtmaq arzusu dəyişmirdi. Qarabağ haqqında danışılan hər söz, səslənən hər mahnı, yazılan hər şeir bu həsrətin ifadəsinə çevrilirdi. Qarabağ artıq coğrafi məkan olmaqdan daha böyük məna daşıyırdı. O, milli kimliyimizin, tarixi yaddaşımızın, mənəvi bütövlüyümüzün rəmzinə çevrilmişdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın taleyində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə başladı. Qırx dörd gün davam edən müharibə Azərbaycan əsgərinin döyüş əzmini, peşəkarlığını, fədakarlığını və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Hər gün cəbhədən gələn qələbə xəbərləri xalqın inamını və ümidini daha da gücləndirirdi.

Bu müharibədə hər qarış torpaq uğrunda böyük qəhrəmanlıq göstərildi. Azərbaycan əsgəri yalnız hərbi tapşırığı yerinə yetirmirdi; o, həm də illərin həsrətini, anaların göz yaşını, ata-baba yurdlarının nisgilini öz çiyinlərində daşıyırdı. Onun qarşısında müqəddəs bir amal – Vətəni bütövləşdirmək, xalqın pozulmuş haqqını bərpa etmək amalı dayanırdı.

Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biri isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, musiqimizin, poeziyamızın və mənəviyyatımızın rəmzi olan Şuşanın azadlığı qələbənin taleyini müəyyənləşdirən mühüm hadisəyə çevrildi. Şuşanın azad edilməsi xəbəri bütün Azərbaycanda böyük sevinc və qürur hissi doğurdu. Bu xəbər illərlə qəlbimizdə yaşatdığımız bir arzunun gerçəyə çevrilməsi idi.

Şuşa yalnız dağlar qoynunda yerləşən qədim şəhər deyil. Şuşa Vaqifin poeziyası, Üzeyir Hacıbəylinin musiqisi, Bülbülün ecazkar səsi, Xan Şuşinskinin ifası, Natəvanın zərif ruhu, Azərbaycan mədəniyyətinin zənginliyi deməkdir.

Şuşanın azadlığı milli mədəniyyətimizin, tarixi yaddaşımızın öz doğma məkanına qayıdışı idi. Elə buna görə də Şuşa Zəfər Gününün rəmzinə çevrildi.

Zəfər sevincinin arxasında isə ölçüyəgəlməz bir ağrı, böyük bir fədakarlıq dayanır. Bu qələbə minlərlə Vətən övladının canı, qanı, yarımçıq qalan arzuları bahasına əldə edildi. Şəhidlərimiz öz həyatlarını Vətənin azadlığına fəda etdilər. Onlar bu gün bizimlə deyillər, lakin adları, qəhrəmanlıqları, Vətən qarşısında xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlik elə bir ucalıqdır ki, onun mənasını sözlə ifadə etmək mümkün deyil. Şəhidlər Vətənin torpağını müqəddəs edən, bayrağını ucaldan, gələcək nəsillərə qürur və ləyaqət mirası qoyan insanlardır.

Bu gün Zəfər Gününü qeyd edərkən sevincimizlə yanaşı, şəhidlərimizin xatirəsi qarşısında mənəvi borcumuzu da unutmamalıyıq. Onların bizə əmanət etdiyi Vətəni qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək, milli birliyimizi yaşatmaq hər birimizin vətəndaşlıq məsuliyyəti olmalıdır.

Zəfər Günü həm də xalq birliyinin nə qədər böyük qüvvə olduğunu göstərdi. Müharibə dövründə cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdi. Cəbhədə əsgər döyüşdüyü kimi, arxa cəbhədə də hər bir insan öz imkanları daxilində Vətənə xidmət edirdi. İnsanları birləşdirən nə yaş, nə peşə, nə də sosial fərq idi. Hamını birləşdirən Azərbaycan sevgisi, torpaq təəssübü və qələbəyə inam idi. Bu birlik bir daha sübut etdi ki, xalqın milli iradəsi və həmrəyliyi ən böyük mənəvi gücdür.

Zəfər yalnız hərbi uğur kimi dəyərləndirilməməlidir. Onun mənəvi, siyasi, tarixi və mədəni əhəmiyyəti də son dərəcə böyükdür. Bu qələbə xalqımızın özünəinamını gücləndirdi, milli ruhumuzu yüksəltdi, dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi. Ən əsası isə uzun illər davam edən Qarabağ həsrətinə son qoyaraq doğma torpaqlara qayıdışın yolunu açdı.

Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Zəfərin davam edən tarixi mahiyyətini nümayiş etdirir. Yenidən qurulan şəhərlər, bərpa olunan kəndlər, çəkilən yollar, salınan məktəblər, mədəniyyət ocaqları doğma torpaqlarda həyatın yenidən canlanmasının ifadəsidir. Vaxtilə viran qoyulmuş yurdlarımızda yeni həyatın qurulması qələbənin yalnız döyüş meydanında deyil, quruculuq və inkişaf sahəsində də davam etdirilməsinin vacibliyini göstərir.

Zəfər Günü gələcək nəsillərə də mühüm bir mesaj verir: Vətəni sevmək yalnız onu sözlə tərənnüm etmək deyil, onun inkişafı, tərəqqisi və təhlükəsizliyi naminə məsuliyyət daşımaqdır. Hər bir gənc yaxşı təhsil almalı, öz peşəsinin bilicisinə çevrilməli, milli-mənəvi dəyərləri qorumalı, ölkənin gələcəyinə töhfə verməlidir. Çünki Vətənin müdafiəsi yalnız silahla deyil, biliklə, zəhmətlə, mədəniyyətlə, elmlə və yüksək vətəndaşlıq mövqeyi ilə də həyata keçirilir.

Unutmamalıyıq ki, qələbəni qazanmaq nə qədər çətindirsə, onu qorumaq və gələcək nəsillərə layiqli şəkildə ötürmək də bir o qədər məsuliyyətlidir. Zəfər bizə yalnız qürur hissi deyil, həm də böyük tarixi məsuliyyət bəxş edib. Bu məsuliyyətin mahiyyəti güclü, savadlı, həmrəy və inkişaf etmiş Azərbaycan qurmaqdan ibarətdir. 

8 Noyabr bizim üçün sadəcə bir bayram günü deyil. Bu tarix illərlə qəlbimizdə yaşatdığımız ümidlərin gerçəkləşdiyi, milli ləyaqətimizin yenidən təsdiq olunduğu, xalqımızın öz gücünü bütün dünyaya nümayiş etdirdiyi gündür. Bu gün biz həm sevinirik, həm qürur duyuruq, həm də Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edirik.

Zəfər Günü tariximizin yaddaşına qızıl hərflərlə yazılıb. Bu qələbənin ən böyük mənası isə ondadır ki, Azərbaycan xalqı öz tarixi yaddaşına, milli kimliyinə və gələcəyinə inamını bir daha təsdiq etdi.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Qoy şəhidlərimizin müqəddəs xatirəsi heç zaman unudulmasın! Qoy Zəfərimizin işığı gələcək nəsillərin yolunu həmişə aydınlatsın!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

 

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.