Aysu Məhərrəmli,
İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxan Sisteminin əməkdaşı.
“Ədəbiyyat və incəsənət”
İnanclarına görə başını örtən qadınlara sonsuz hörmət edirəm. Dinimiz gözəldir, imkan verin gözəl olaraq da qalsın. Qoy din olduğu kimi - mərhəməti, ədaləti, sevgini gözəlliyi ilə yaşasın. Cəmiyyətin gələcəyi bu gün uşaqlarımıza verdiyimiz tərbiyədən, aşıladığımız dəyərlərdən asılıdır.
Azərbaycan tarixində də qızların təhsilinə verilən dəyəri görmək olar. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə qızlar məktəbinin yaradılmasına verdiyi dəstək bunun ən vacib nümunələrindəndir.
Mən dinin mahiyyətini insanın davranışlarında olduğunu düşünürəm. Qızlarımızın necə geyinməsindən əvvəl necə düşündüyünə, nəyə inandığından əvvəl necə insan olmalarına diqqət etməliyik. Ona görə də qızlarımızı qorumağın ən düzgün yolu onları biliklə, sevgi ilə və sağlam dəyərlərlə gücləndirməkdir. Qızlarımıza “sən qızsan, bunu edə bilməzsən” demək yerinə “mən sənin yanındayam, sən bunu bacararsan” deməyi öyrənməliyik. Çünki gözəl gələcək öz-özünə yaranmır. O gələcəyi biz özümüz qururuq.
Dini inancı olan qadınlara və onların seçimlərinə hörmət etmək hər birimizin mənəvi borcudur. Baş örtüyü taxmaq və taxmamaq insanın şəxsi seçimi, dünyagörüşü və inancı ilə bağlıdır. Onu deyim ki, körpə yaşından, özünü dərk etmədiyi yaşdan uşaqların zorla hicablanmasının əleyhinəyəm. Məscidə gedərkən başımızı örtür, oranın müqəddəsliyinə uyğun geyinməyə çalışırıq. Bunu böyüklərimizdən görmüş, adət-ənənələrimizdən öyrənmişik. Ancaq ibadət məkanında geyim qaydalarına riayət etməklə məktəbdə vahid geyim formasına əməl etmək fərqli məsələlərdir. Məktəblərdə də hicab taxmaq olmaz. Vahid geyim forması var və buna da əməl olunmalıdır. Uşaqlıq insan həyatının ən gözəl və ən qayğısız dövrüdür. Hər bir qız uşağının haqqı var saçlarını digər uşaqlar kimi hörsün, bantik vursun, külək onun da saçlarına toxunsun. Uşaqlarımıza hər hansı dini və ya dünyəvi seçimi zorla qəbul etdirmək yerinə düzgün tərbiyə, sevgi və azad düşüncə verməliyik. Buna görə də qızlarımız üçün daha mərhəmətli, ədalətli və azad bir dünya yaratmaq bizim ən böyük məsuliyyətlərimizdən biridir.
Təhsil alan, düşünən və öz hüquqlarını bilən qız gələcəkdə yalnız öz həyatını deyil, ailəsini və cəmiyyətinidə inkişaf etdirə bilər. Gəlin, qızlarımızın əlindən kitabı almayıb onların əlinə kitab verək.
Bəzi xarici qüvvələr Azərbaycanda sabitliyi və sakitliyi pozmağa çalışır. Lakin xalqımız hər zaman öz birliyini, həmrəyliyini və dövlətinə olan bağlılığını qoruyub saxlamalıdır. Heç bir təxribat xalqımızın birliyinə və gələcəyə olan inamına xələl gətirməməlidir. Vətənə sevgi yalnız sözlə deyil, əməllə, məsuliyyətli davranışla, qanunlara hörmətlə və cəmiyyətə fayda verməklə göstərilməlidir. Unutmamalıyıq ki, Azərbaycanın ən böyük gücü onun xalqıdır.
“Ədəbiyyat və incəsənət”
(03.11.2026)


