“44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi olaraq ortaya çıxan 8 Noyabr zəfəri öz gücünə arxalanmağın heç nə ilə müqayisə oluna bilməyəcəyini isbatladı”.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.
Pokovnik qeyd edib ki, uzun illərdir ki, heç bir beynəlxalq təşkilatın, hətta BMT-nin belə həll edə bilmədiyi problemi Azərbaycan cəmi 44 gün ərzində ortadan qaldıraraq bənzərsiz bir nümunə ortaya qoydu:
“Hamıya məlumdur ki, Azərbaycan 30 il davam edən erməni işğalını diplomatik yolla aradan qaldırmaq, öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün bütün beynəlxalq təşkilatlara müraciət edib, problemin siyasi-diplomatik yolla həllinə böyük qüvvə sərf edib. Lakin təəssüflər olsun ki, Azərbaycanın bütün səylərinə baxmayaraq, işğal faktorunu diplomatik yolla ortadan qaldırmaq mümkün olmadı. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ probleminin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin heç biri yerinə yetirilmədi. Demək olar ki, hər kəs – bütün dünya torpqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə barışdı. Yalnız Azərbaycan dövləti, Azərbaycan xalqı bununla barışmadı. Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal probleminə son qoydu. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri bununla BMT-nin məlum qətnamələrini də icra etmiş oldu.
8 Noyabr zəfəri sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixi zəfəri, tarixi nailiyyəti idi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, əldə etdiyi parlaq qələbə bütün dünya üçün bir nümunə oldu. Bu qələbə sübut etdi ki, müasir dövr, çağdaş dünyamızım acı reallıqları beynəlxalq təşkilatlara, yaxud digər dövlətlərin dəstəyinə ümid etməməyi, özlüyündə güclü, yenilməz olmağı tələb edir. Necə ki, Azərbaycan məhz bu cür davrandı. Dövlətimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında həm hərbi, həm də iqtisadi baxımdan böyük güc əldə edərək tam, qəti qləbəni təmin etdi.
Bu gün Azərbaycan bütün sahə və sferalarda öz qüdrətini artırmaqda, sürətlə inkişaf etməkdədir. Dövlətimiz yeni müttəfiqlər və tərəfdaşlar tapmaqla yanaşı, öz daxili gücünü, daxili imkanlarını genişləndirməkdədir. Çünki işğal problemi və Vətən müharibəsi Prezident İlham Əliyevin bu tarixi sözlərinin nə qədər doğru olduğunu bir daha sübut etdi:
“Biz ancaq özümüzə güvənə bilərik”.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


