Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən günlərdə İsrail Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi Türkiyə mediasında birtərəfli şəkildə təqdim olunub. Bəzi media orqanları digər ölkələrin nümayəndələrinin də zalda qalmasına baxmayaraq, diqqəti yalnız Azərbaycanın üzərinə yönəldib. Bu yanaşma hadisənin mahiyyətini dəyişdirərək Bakıya qarşı mənfi ictimai rəy formalaşdırmağa xidmət edir. Məsələnin İsrail-Fələstin qarşıdurması fonunda Azərbaycana qarşı informasiya kampaniyasına çevrilməsi də diqqət çəkir. Belə təqdimatların Bakı-Ankara münasibətlərində gərginlik görüntüsü yaratmağa hesablandığı düşünülür. Bu isə nəticə etibarilə iki ölkə arasındakı ictimai rəyi manipulyasiya edə bilər.
Mövzu ilə bağlı “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən politoloq Oktay Qasımov kampaniyanın səbəbləri və mümkün təsirləri barədə danışıb.
Politoloqun sözlərinə görə, son günlər Türkiyədə Azərbaycana qarşı yeni informasiya kampaniyası müşahidə olunur. O bildirib ki, müəyyən şəbəkələr zaman-zaman İsrail-Fələstin məsələsindən istifadə edərək Azərbaycan əleyhinə kampaniyalar aparırlar.
“Son günlər Türkiyədə Azərbaycana qarşı yenidən kampaniya başladığını görməkdəyik. Bu şəbəkə zaman-zaman İsrail və Fələstin məsələsindən istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. Təəssüf ki, bu kampaniyalar əksər hallarda qərəzli və Azərbaycan əleyhinə iftiralarla dolu olur. Son kampaniyanın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan nümayəndəsi BMT-də İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməyib. Məhz buna görə Azərbaycan qınanılır və ölkəmizə qarşı neqativ münasibət formalaşdırılmağa çalışılır”.
Politoloq qeyd edib ki, Türkiyə cəmiyyətində xarici təsirlərə açıq olan müəyyən qruplar mövcuddur.
“Bu toplumda da kifayət qədər xarici təsirlər altında olan şəbəkələrin, qrupların olduğunu bilirik. Onlar xaricdən gələn təlimatlara əsasən kampaniya aparırlar.
Bunun əsas məqsədi Azərbaycan-Türkiyə dostluğuna və müttəfiqliyinə kölgə salmaqdır”.
O.Qasımovun sözlərinə görə, Fələstin məsələsindən Azərbaycana qarşı istifadə edilməsi və İsraillə münasibətlərinə görə Azərbaycanın qınanılması doğru yanaşma deyil:
“Azərbaycanın İsraillə kifayət qədər yaxşı münasibətləri olduğu kimi, Fələstin məsələsinə də beynəlxalq hüquq baxımından ədalətli yanaşması var. Azərbaycan Fələstinin ölkəmizdəki səfirliyinin maliyyə təminatını belə öz üzərinə götürüb. Bu, ciddi faktordur. Baxmayaraq ki, Fələstin rəhbərliyi işğal dövründə Azərbaycana qarşı heç də ədalətli mövqe tutmayıb və erməni terrorizmini dəstəkləyib”.
Politoloq İsraillə Azərbaycan arasındakı münasibətlərə də toxunub. Onun sözlərinə görə, İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.
“İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir. Vətən müharibəsi dövründə İsraildən həm siyasi dəstəyin, həm də silahların köməyi ilə torpaqlarımızı işğaldan azad etdik. Əlbəttə ki, İsrail hakimiyyətinin səhvləri az deyil. Xüsusilə də Yaxın Şərqdə son baş verən hadisələrdə İsrail hakimiyyətinin ifrata vardığını bilirik. Amma bunu qəbul etmirik”.
O, Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasının vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan iki yaxın tərəfdaşının münasibətlərinin pozulmaması üçün səylər göstərir.
O.Qasımovun sözlərinə görə, kampaniya aparanların əsas məqsədi Azərbaycanla Türkiyə arasındakı münasibətləri zəiflətməkdir.
“Bu, ən çox İranın işinə yarayır. Çox təəccüblü görünsə də, İsrailin işinə də yarayır. Çünki Azərbaycan-Türkiyə münasibətləri nə qədər dərin olsa, İsrailin Türkiyə ilə münasibətləri bir qədər fərqli olur. Azərbaycan-Türkiyə dostluğu İran üçün qorxulu röyadır. Buna görə də münasibətlərimizə nifaq toxumu səpilməsində İran da maraqlıdır”, – deyə politoloq bildirib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə cəmiyyətlərinin nümayəndələri bu cür kampaniyalara qarşı ayıq-sayıq olmalıdırlar.
“Bu cür kampaniyalar münasibətlərimizə bir qədər zədə versə də, ciddi təsir göstərə bilməz”, – deyə O.Qasımov fikrini yekunlaşdırıb.
“Ədəbiyyat və incəsənət”
(28.09.2026)


