“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masada Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz iz qoyan tarixi əhəmiyyəti, şəhidlik zirvəsinin ucalığı, milli həmrəyliyin və Vətən sevgisinin gənc nəslin tərbiyəsində rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin çıxış edərək Anım Gününün xalqımız üçün mənəvi əhəmiyyətindən söz açıb. O, Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və fədakarlıqdan, əldə olunan tarixi Zəfərin xalqımızın milli qürur mənbəyinə çevrilməsindən bəhs edib. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Tədbirdə şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, “Sumqayıt” qəzetinin əməkdaşı, şair-publisist İlhamə Məhəmmədqızı, polkovnik Zeydulla Mustafayev, Nizami Gəncəvi adına kitabxana-klubun müdiri Ülviyyə Quliyeva və digər iştirakçılar mövzu ətrafında çıxış edərək öz fikir və mülahizələrini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, 27 Sentyabr – Anım Günü yalnız şəhidlərimizin xatirəsini yad etdiyimiz tarix deyil, həm də onların müqəddəs amallarının, Vətən sevgisinin və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənəvi gündür. Şəhidlərimizin həyatı və döyüş yolu Azərbaycan ədəbiyyatında, publisistikada və sənətin müxtəlif sahələrində öz əksini taparaq xalqımızın milli yaddaşının əsas səhifələrindən birinə çevrilməkdədir.
Dəyirmi masa iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edərək bildiriblər ki, Vətən uğrunda canından keçən qəhrəmanların adı daim uca tutulacaq, onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Tədbir Vətənə, şəhidlərimizə və milli dəyərlərimizə bağlılığın ifadəsi kimi yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(26.09.2026)


