Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Məktubda Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib. O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim “Şöhrət” ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil, eyni zamanda “Bir millət, iki dövlət” məfkurəsinə söykənən qardaşlığın rəmzi kimi böyük qürurla daşıyacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, dünya elminə mühüm töhfələr verən Əziz Səncər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, iki ölkə diasporları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən dəyərli alimdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.