Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bu fotonu ilk görəndə düşündüm ki, yəqin, yenə hər zaman gördüyümüz yerlərdən biridir. Divarlarına müxtəlif yazılar yazılan, kiminsə adının, kiminsə sevgisinin, kiminsə keçici hisslərinin iz buraxdığı adi məkanlardan... Belə mənzərələrə çox rast gəlirik. İnsanlar bəzən yaşadıqları şəhərlərin, küçələrin, binaların divarlarına öz adlarını yazır, ürəklər çəkir, tarix qoyur, müxtəlif işarələr buraxırlar...
Etiraf edim ki, bəzən belə şeylər mənim gözümdə də o qədər böyümür. Bir divara yazılmış bir neçə hərf və ya çəkilmiş bir şəkil mənə dünyanın sonu kimi görünmür.
Amma sonra bir neçə məqalə oxudum və fotolardakı yerin Şuşaya aid olduğunu anladım. Məhz bundan sonra həmin şəkillərə baxışım dəyişdi.
Çünki söhbət artıq hansısa şəhərin adi divarından getmir. Söhbət Şuşadan gedir. Orada bir tarix var, bir həsrət var, dağıntılar var, illərlə çəkilən ayrılıq var. Və nəhayət, bu torpağın azadlığı üçün canından keçən insanların xatirəsi var. Ona görə də Şuşanın tarixi binalarının, abidələrinin üzərinə belə yazıların çəkildiyini görəndə insanın ağlına istər-istəməz başqa suallar gəlir: Biz nəyi qoruyuruq? Nəyi qorumağa borcluyuq? Azad etdiyimiz şəhərə münasibətimiz necə olmalıdır?
Bəlkə də kimsə deyəcək ki, “Nə var ki bunda? Silərlər, təmizləyərlər”. Bəli, silmək mümkündür. Amma məsələ təkcə yazının silinməsi deyil. Məsələ bizim həmin daşa necə baxmağımızdır.
Çünki bəzi daşların üzərində boya izi olmamalıdır. Bəzi divarlar insanın ürəyindən keçənləri yazacağı yer deyil. Bəzi məkanlarda “mən də burada olmuşam” demək üçün divara adını həkk etməyə ehtiyac yoxdur. Şuşa belə yerlərdəndir.
Düşünürəm ki, bu fotolara baxanda hər birimizin ağlına bir ehtimal gəlməlidir. Bəlkə də şəhidlərimizdən biri məhz bu yerdə döyüşüb. Bəlkə də bu küçədə irəliləyib. Bəlkə də bu daşın bir neçə metrliyində yaralanıb. Bəlkə də elə bu torpağın üstündə son nəfəsini verib. Biz bunu dəqiq bilmirik. Amma bilməməyimiz o yeri dəyərsiz etmir. Əksinə, bilmədiyimiz üçün daha çox ehtiram göstərməliyik.
Çünki müharibə zamanı ölən hər bir insanın son addımının harada olduğunu, son baxışının hansı divara, hansı küçəyə, hansı daşa tuş gəldiyini bilmirik. Bəlkə də bu gün üstündə kiminsə adını yazdığı həmin divar bir zamanlar bir əsgərin son dayandığı yer olub. Bəlkə də o daşların yanında kimsə Vətən uğrunda həyatını itirib. İndi həmin divarın üzərinə ürək çəkib, ad yazıb, rəqəm qeyd etmək necə görünür?
Biz bəzən vandalizmdən danışanda yalnız daşın, divarın, binanın zədələnməsini düşünürük. Halbuki tarixi abidəyə münasibət həm də cəmiyyətin öz keçmişinə münasibətidir. İnsan tarixi məkana necə davranırsa, əslində öz yaddaşına da elə davranır. Şuşanın divarına yazılan bir adın özü bəlkə çox kiçik məsələdir. Bir neçə dəqiqəyə çəkilib. Bir neçə dəqiqəyə də silinə bilər. Amma bu davranışın arxasında dayanan düşüncə daha böyük problemdir: “Mənim izim bu tarixi məkandan daha vacibdir". Əslində isə belə deyil.
Sənin adın da, mənim adım da, bizim şəxsi xatirələrimiz də həmin şəhərin tarixindən böyük deyil. Şuşa bizim şəxsi gündəliyimiz deyil. Ora gedib “burada olmuşam” demək istəyən insan bunu başqa cür edə bilər. Şəkil çəkə bilər, xatirə yaza bilər, həmin şəhər haqqında danışa bilər, onun tarixini öyrənə bilər, başqasına öyrədə bilər. Hətta ən sadə formada həmin divara toxunmadan, ona zərər vermədən oradan keçə bilər. Bəzən heç nə etməmək ən böyük hörmətdir.
Maraqlıdır ki, küçə qrafitisi haqqında dünyada uzun illərdir müzakirələr aparılır. Bəzi qrafitilər artıq küçə sənətinin nümunəsi kimi qəbul olunur. Rəssamların yaratdığı əsərlər şəhərlərin vizual kimliyinin bir hissəsinə çevrilir. Amma bununla tarixi abidənin üzərinə təsadüfi yazı yazmağı eyniləşdirmək olmaz. Çünki sənət üçün də məkanın özünün bir dili var.
Rəssamın qarşısında boş bir divar ola bilər. O divarı öz yaradıcılığı üçün kətana çevirə bilər. Amma tarixi abidənin divarı boş deyil. Onun öz hekayəsi var. Orada artıq əsər var. Sadəcə, həmin əsəri bir rəssam deyil, tarix yaradıb. Eynilə də Şüşa. Şuşanın divarları kətan deyil. Orada bizim şəxsi imzamızdan əvvəl şəhid öz imzasını qoyub. Biz Şuşaya illərlə həsrət qaldıq. O şəhərin adını eşidəndə kövrəldik. Şuşanın işğaldan azad olunmasını gözlədik. Şəhidlərin, qazilərin, əsgərlərin hesabına bu şəhərə qayıtdıq. İndi isə qarşımıza çıxan məsuliyyət yalnız oraya getmək deyil. Orada nə qoyub getdiyimiz də önəmlidir. Divara yazdığımız ad yox. Daşa vurduğumuz cızıq yox. Şəhərə münasibətimiz.
Çünki Şuşa bizdən sonra da qalacaq. Bizim yazdığımız adlar bir gün silinəcək. Çəkilən ürəklər yağışda, günəşdə yox olacaq. Amma həmin divar qalacaq. Həmin küçə qalacaq. Həmin tarix qalacaq. Və bir gün bizdən sonra gələn nəsil həmin daşlara baxacaq. O zaman onlara nə deyəcəyik?
Deyəcəyik ki, bu şəhəri qorumaq üçün müharibə etdik, şəhid verdik, illərlə həsrət çəkdik, azad etdik, sonra isə onun divarlarını öz əllərimizlə mənası olmayan yazılarla doldurduq?
Yoxsa deyəcəyik ki, biz bu şəhəri yalnız düşməndən geri qaytarmadıq, həm də ona sahib çıxmağı öyrəndik?
Ona görə bu fotoya indi əvvəlki kimi baxa bilmirəm. Əvvəl sadəcə yazılmış bir divar görürdüm. İndi isə həmin divarın arxasında başqa bir sual görürəm:
Bəlkə bu daşların altında, bu küçələrin yaddaşında bizim bilmədiyimiz bir şəhid hekayəsi var? Əgər belə bir ehtimal varsa, vicdan susur. Çünki Şuşanın hər divarında öz adımızı yazmağa yox, şəhidlərimizin adını yaşatmağa ehtiyacımız var. Bəzilərimiz isə bunu bacara bilmirik.
Övladının məhz bu məkanın qarşısında şəhid olduğunu bilən bir ana həmin divarı belə görəndə məhv olmazmı? Olar. Siz isə gəlin, özünüzə ayrıca bir taxta, bir lövhə alın, istəyirsiniz adınızı yazın, ürək çəkin, nə istəyirsiniz edin. Amma bura o yer deyil. Bura sizin şəxsi iz buraxacağınız yer deyil. Bura kiminsə son nəfəsini verdiyi, kiminsə övladını itirdiyi, bir xalqın illərlə həsrətində qaldığı yerdir. Burada öz adınızı yox, o torpağın yaddaşını qorumaq lazımdır. Düşmənlərimizi sevindirməyək!!!
“Ədəbiyyat və incəsənət”
(07.09.2026)


