Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov görkəmli ictimai-siyasi xadim, məşhur diplomat Hüseyn Quliyevi 80 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli Hüseyn bəy!
Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Sizin ömür yolunuz, siyasi fəaliyyətiniz, dövlətimiz və xalqımıza sonsuz sədaqətiniz, milli maraqlarımızın müdafiəsi uğrunda apardığınız mübarizə, bu mübarizədə sərgilədiyiniz fədakarlıqlar hər bir Azərbaycan gəncinə örnək, gələcək nəsillərə nümunədir. Təsadüfi deyil ki, uzun illər ərzində milli mənafeyimiz uğrunda apardığınız mübarizə, ortaya qoyduğunuz təkrarsız xidmətlər Azərbaycan dövləti tərəfindən də daim yüksək qiymətləndirilib. Sizin 9 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz bunun ən böyük isbatıdır.
22 iyun 2026-cı ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz dövlətimizin diplomatik sferadakı xidmətlərinizi yüksək səviyyədə dəyərləndirdiyini, bu xidmətləri diqqətdən kənarda qoymadığını göstərir. Bütün bu faktlar sübut edir ki, siz Ümummillli Lider Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq dövlətimizin maraq və mənafeyini hər zaman ləyaqətlə qorumuş atanız Rzaqulu Quliyevin irsinə övlad olaraq da daim sadiq qalmısınız.
Hörmətli Hüseyn bəy!
Sizin xalqımız və türk dünyası qarşısında mühüm xidmətlərinizdən biri də Azərbaycanla Özbəkistan arasında siyasi-diplomatik və mədəni əlaqələrin inkişafına böyük töhfə verməyiniz, bu müstəvidə mühüm addımlar atmağınızla bağlıdır. Məhz Sizin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri çalışdığnız dönəmdə iki dövlət arasında siyasi-mədəni əlaqələr sürətlə inkişaf etmiş, mahiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Elə bunun nəticəsidir ki, 22 iyun 2026-cı ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Mehnat şuxratı” ordeni ilə təltif edilmiş, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındakı xidmətləriniz yüksək qiymətləndirilmişdir. Qürurvericidir ki, siz ömrünüzün 80 illik zirvəsində qərar tutduğunuz bugünkü gündə də xalqımız və dövlətimiz naminə əzmlə çalışmaqda, respublikamızın inkişafına böyük töhfələr verməkdəsiniz.
Əminik ki, Sizin gələcək fəaliyyətiniz çoxsaylı uğurlar, böyük müvəffəqiyyətlərlə yadda qalacaq, doğma Azərbaycanımızın inkişafına təkan verəcək.
Ad gününüz mübarək olsun!"
“Ədəbiyyat və incəsənət”
(29.08.2026)


