Övladınız səhv edəndə onu atırsınız? Bəs "Qarabağ"ı niyə atdınız? Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən gün “Qarabağ” oyunda məğlub oldu. Oyunun ardınca sosial şəbəkələrdə tanış mənzərə yenidən ortaya çıxdı: günahkar axtarışı. Kimi Qurban Qurbanovu tənqid etdi, kimi “ondan məşqçi olmaz” dedi, kimi də illərdir bu komandaya qazandırdıqlarını bir məğlubiyyətin içində silib atdı.

 

Bizim qəribə bir xüsusiyyətimiz var: nəsə istədiyimiz kimi alınmayanda mütləq kimisə günahkar çıxarmalıyıq. Evdə əşyamızı itiririk, əsəbimizi evdəkilərdən çıxırıq. İşdə problem yaranır, günahkar həmkarımız olur. Futbolda komanda uduzur, günahkar yenə məşqçi olur, Qurbanov olur.

Biraz düşünsək, bəlkə də fikrimiz dəyişər. Qurban Qurbanov bir gecənin məşqçisi deyil. Onun adı “Qarabağ”ın illər ərzində qazandığı uğurlar, Avropada keçdiyi yollar, formalaşdırdığı futbol fəlsəfəsi və Azərbaycan futbolunda yaratdığı nəticələrlə yanaşı çəkilir. Bütün bunları bir məğlubiyyətin üzərinə xətt çəkib “ondan məşqçi olmaz” demək tənqid deyil. Bu, yaddaşsızlıqdır, unutqanlıqdır.

Əlbəttə, Qurban Qurbanov tənqid oluna bilər. Hər məşqçi kimi onun da səhvləri var. Heyət seçimi, taktika, dəyişikliklər, oyun planı – bunların hamısı müzakirə edilə bilər. Amma tənqidlə hörmətsizliyin arasında böyük fərq var. Bundan əlavə, komanda məğlub olarkən stadionu tərk edən azarkeşləri  gördük. Həmin videonu görəndə öz-özümə düşündüm: Azarkeşlik yalnız komanda qalib gələndə tribunada olmaqdırmı? Qalib olmasaq tərk edilməliydik?

Ana övladını yalnız yaxşı qiymət aldığı gün qucaqlamır. Övladı səhv edəndə, yıxılanda, məğlub olanda da yanında dayanır. Çünki valideyn olmaq məhz çətin gündə bəlli olur. Bəs “Qarabağ”ın valideynləri kimdir? Azarkeşləri... Bəs, “Qarabağ” uduzanda onu stadionda tək qoymaq azarkeşlikdir?

Qalib gələndə formanı geyinmək, uğur olanda bayraq qaldırmaq, Avropada böyük komandalara qarşı qürurla “Qarabağ” demək asandır. Əsl azarkeşlik isə komandanın ən pis günündə sınanır. Çünki qalibiyyət hamının dostudur. Məğlubiyyət isə kimin həqiqətən yanında olduğunu göstərir. Bir oyun uduzuldu deyə illərin zəhmətini, uğurlarını, mübarizəsini və futbolçuların əməyini bir kənara atmaq çox asandır. Bir klaviatura arxasında oturub “məşqçidən heç nə olmaz” yazmaq isə daha asandır.

 

Amma gəlin bir dəfə də özümüzdən soruşaq: Bəlkə problem yalnız Qurban Qurbanovda deyil? Bəlkə problem bizim azarkeşlik anlayışımızdadır? Biz komandaya yalnız qalib gələndə sahib çıxırıqsa, deməli, komandaya yox, nəticəyə azarkeşlik edirik.

“Qarabağ” qalib gələndə hamımız “bizik”. Uduzanda isə birdən-birə “onlar” olurlar. Xeyr. “Qarabağ” qalib gələndə də bizimdir, uduzanda da. Qurban Qurbanov uğur qazandığı gün necə “bizim məşqçimiz”dirsə, səhv etdiyi gün də bizim məşqçimizdir. Tənqid edin. Sual verin. Səhvləri göstərin. Daha yaxşısını tələb edin. Amma tərk etməyin. Çünki bir komandanın əsl azarkeşi onun yalnız qələbəsinə yox, mübarizəsinə də sahib çıxır.

Amma fikrimcə, ötən gün “Qarabağ”dan çox, onların azarkeşliyi məğlub oldu.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.